Ağırçəkili cüdoçularımızın rəqibləri bəlli olub - YENİLƏNİR

22 Mart 2026 12:26
135
Ağırçəkili cüdoçularımızın rəqibləri bəlli olub - YENİLƏNİR

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycanın ağır çəkili idmançılarının növbəti rəqibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan hər iki cüdoçumuz 1/8 final mərhələsində ciddi rəqiblərlə qarşılaşacaqlar.

Kənan Nəsibov Almaniyadan olan Losseni Kone, Camal Qamzatxanov isə Qazaxıstan təmsilçisi Yelaman Yerqaliyevlə qarşılaşacaq.

Hər iki idmançımız bir nömrəli tatamidə mübarizə aparacaq. Kənan Nəsibovun görüşü proqram üzrə 21-ci, Camal Qamzatxanovun döyüşü isə 24-cü sırada yer alıb.

12:10

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin son günündə Azərbaycanın qadın idmançısı tatamiyə çıxıb.

İdman.Biz xəbər verir ki, +78 kq çəki dərəcəsində mübarizə aparan Madina Kaisinova yarışa 1/8 final mərhələsindən başlayıb. O, bu mərhələdə İtaliya təmsilçisi Erika Simonetti ilə qarşılaşıb.

Gərgin keçən görüşün əsas vaxtında qalib müəyyənləşmədiyi üçün qızıl xal (Golden Score) bölümünə ehtiyac duyulub. Bu hissədə rəqibinə məğlub olan Kaisinova turnirdə çıxışını başa vurub.

09:35

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri başa çatır. Yarışın son günündə Azərbaycan millisinin daha üç üzvü medallar uğrunda qüvvəsini sınayacaq.

İdman.Biz xəbər verir ki, bu gün həm kişilər, həm də qadınlar arasında ağır çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Kişilərin mübarizəsində +100 kq çəki dərəcəsində iki idmançımız 1/8 finaldan mərhələyə başlayacaq. Camal Qamzatxanov Saba Kardava (Gürcüstan) - Losseni Kone (Almaniya) cütünün qalibi ilə, Kənan Nəsibov isə Yelaman Yerqaliyev (Qazaxıstan) - Gela Zaalişvili (Gürcüstan) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Qadınların yarışında isə +78 kq çəkidə çıxış edən Madina Kaisinova start götürəcək. O, 1/8 final mərhələsində İtaliya təmsilçisi Erika Simonetti ilə qarşılaşacaq.

İdman.Biz