“Fəxri kürsüyə qalxdığım üçün sevincliyəm”.
Bu sözləri Polşanın paytaxtı Varşavada keçirilən böyüklər arasında Avropa Açıq Turnirində gümüş medal qazanan Azərbaycan cüdoçusu Camal Feyziyev deyib.
+100 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarışa qızıl medal hədəfi ilə yollandığını bildirib.
“Belçikanın Vise şəhərində təşkil olunan Beynəlxalq Açıq Turnirdə çempion olmuşdum. Lakin hazırda Ramazan ayıdır və əksər idmançılar oruc tutur. Bu səbəbdən gündə yalnız bir dəfə məşq edirik. Baş məşqçimizin məsləhətinə uyğun olaraq belə qərar qəbul olunub. Bütün çətinliklərə baxmayaraq hazırlığımızı davam etdiririk. Təbii ki, bu amillər yarış şəraitində müəyyən təsir göstərir və özüm də daxil olmaqla, bəzi idmançılar üçün əlavə çətinlik yaradır”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.
C.Feyziyev qazandığı gümüş medalı yüksək qiymətləndirdiyini söyləyib: “Bu nəticəni qızıl medal kimi dəyərləndirirəm. Finalda yerli idmançı Qjeqoj Teresinski ilə qarşılaşdım. Görüş zamanı hakimlər tərəfindən iki vazari xalı verildi. Lakin qaydalara əsasən bu, yuko səviyyəsində epizodlar idi. Məşqçilərimiz də çıxışımı izləyirdilər və onların fikrincə, qərarlar ədalətli olmadı. Cüdoda etiraz imkanları məhduddur. Məşqçilərimizdən biri mövqeyini bildirmək istəsə də, hakimlər yekun qərarın dəyişməz olduğunu dedilər”.
Cüdoçu turnirdəki çıxışını da dəyərləndirib: “Heç bir görüşdə ciddi çətinliyim olmadı. Bununla belə, müəyyən səhvlərim oldu və onların üzərində işləməliyəm. İki il əvvəl bu yarışda ilk görüşdə almaniyalı rəqibimə məğlub olmuşdum. Bu dəfə isə onu məğlub edərək revanş aldım”.
O, ağır çəki dərəcəsində zədə riskinin yüksək olduğunu söyləyib: “Bu, cüdonun xüsusiyyətidir. Zədələr qaçılmazdır, ona görə də ağıllı şəkildə güləşmək vacibdir. Şükürlər olsun ki, indiyədək ciddi zədələrlə üzləşməmişəm”.
Qeyd edək ki, Azərbaycan millisi iki gün davam edən turniri 3 medalla başa vurub. Camal Feyziyevdən başqa, Tofiq Məmmədov (66 kiloqram) və Elmar Qasımov (100 kiloqram) bürünc mükafata sahib çıxıb.
