Polşanın paytaxtı Varşavada cüdo üzrə böyüklər arasında keçirilən Avropa Açıq Turnirinə (Warsaw European Open 2026) bu gün yekun vurulacaq. Yarışın ikinci - sonuncu günündə Azərbaycanın daha beş cüdoçusu mükafatlar uğrunda mübarizə aparacaq.
İdman.Biz xəbər verir ki, turnirin son günündə kişilər arasında Xəyyam Əliyev və Nihad Şıxəlizadə (hər ikisi 90 kq) qüvvəsini sınayacaq. Əliyevin rəqibi fransalı Aleksa Mitroviç, Şıxəlizadənin rəqibi isə Niderlanda tımsilçisi Den Hartoq Florisdir.
Elmar Qasımov (100 kq) Polşa təmsilçisi Mateus Vaçko ilə qarşılaşacaq. +100 kq çəki dərəcəsində mübarizə aparacaq Camal Feyziyev isə Almaniya təmsilçisi Marvin Belzlə döyüşəcək.
Qadınların yarışında isə Gülnarə Bayramova (57 kq) Malina Klaret Vilsonla (İspaniya) münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, turnirin ilk günündə Azərbaycan yığması bir medal qazanıb. 66 kq çəki dərəcəsində mübarizə aparan Tofiq Məmmədov bürünc medala sahib çıxıb. Ümumilikdə 19 cüdoçu ilə təmsil olunduğumuz yarışda 27 ölkədən 320 idmançı iştirak edir.
