Rəşad Rəsullu: “Üç qadın cüdoçumuz Olimpiadaya lisenziya qazana bilər”

Müsahibə
27 Dekabr 2023 18:47
135
Rəşad Rəsullu: “Üç qadın cüdoçumuz Olimpiadaya lisenziya qazana bilər”

“Azərbaycan millisinin 3 qadın cüdoçusu Olimpiadaya lisenziya qazana bilər”.

Bunu İdman.bizə Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu deyib.

O, Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyevanın (52 kq) Olimpiya reytinqində yüksək mövqelərdə qərarlaşdığını vurğulayıb. Federasiya rəsmisi bildirib ki, Leyla hazırda reytinq cədvəlində 16-cı yerdə olsa da, ondan öndə digər ölkələrin bir neçə cüdoçusu qərarlaşıb: “Belə olan halda bu, onun daha yüksək mövqedə yer almasını təmin edir. Reytinqdə 16-cı olan Gültacla bağlı da eyni fikri söyləmək olar”.

Baş katib Tokioda keçirilən “Böyük Dəbilqə” turnirində millinin heyətində debüt edən Açelya Toprakın (57 kq) da lisenziya uğrunda mübarizəsinə inam ifadə edib: “O, reytinqdə 36-cı yerdədir. Amma qarşıda kifayət qədər turnir var və o, Olimpiadaya vəsiqə qazanmaqla, öz performansını artıra, eyni zamanda reytinqdə mövqeyini xeyli yaxşılaşdıra bilər”.

Zəki Feyzullayev
İdman.biz