Rəşad Nəbiyev dünya və Avropa çempionatlarının medalçıları ilə görüşüb - FOTO

10 Sentyabr 2026 14:23
68
Rəşad Nəbiyev dünya və Avropa çempionatlarının medalçıları ilə görüşüb - FOTO

Cüdo üzrə Azərbaycan milli komandalarının üzvləri Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyevlə görüşüblər.

İdman.Biz xəbər verir ki, sentyabrın 10-da keçirilən görüşdə yeniyetmə və gənclərdən ibarət yığmaların üzvləri iştirak ediblər.

Rəşad Nəbiyev cüdoçuları 20-23 avqust tarixlərində Ekvadorun Quayakil şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatında və 3-6 sentyabr tarixlərində Monteneqronun paytaxtı Podqoritsada təşkil olunan gənclər arasında Avropa çempionatında qazandıqları nəticələr münasibətilə təbrik edib.

Federasiya prezidenti nəticələrlə yanaşı, idmançıların yarışlar boyunca, xüsusilə çətin məqamlarda göstərdikləri xarakterin də önəmini vurğulayıb.

ACF prezidenti bildirib ki, bu nəticələr Federasiyada aparılan sistemli və hərtərəfli işin göstəricisidir. O, qazanılan uğurlarda məşqçi heyətinin, tibbi heyətin, digər mütəxəssislərin və ümumilikdə Federasiyanın bütün əməkdaşlarının əməyinin olduğunu qeyd edib.

Rəşad Nəbiyev əsas hədəfin yeniyetmə və gənclər səviyyəsində qazanılan uğurların gələcəkdə böyüklər arasında da davam etdirilməsi olduğunu bildirib.

Federasiya rəhbəri idman nəticələri ilə yanaşı, nizam-intizam və hörmət kimi cüdo dəyərlərinə sadiqliyin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, cüdoçulara əldə etdikləri nəticələrlə kifayətlənməməyi, daim öz üzərlərində çalışmağı, həmçinin idman karyerası ilə yanaşı təhsilə də önəm verməyi tövsiyə edib.

Görüş çərçivəsində Rəşad Nəbiyev idmançılarla fərdi söhbətlər aparıb, onların hazırlıq prosesi və gələcək hədəfləri ilə maraqlanıb.

Qeyd edək ki, Azərbaycan millisi yeniyetmələr arasında dünya çempionatında bir qızıl və bir gümüş medal qazanaraq 59 ölkə arasında ümumi komanda hesabında beşinci yeri tutub. Gənclərdən ibarət yığma isə Avropa çempionatını üç qızıl və iki bürünc medalla başa vuraraq 44 ölkə arasında ümumi komanda hesabında ikinci, oğlanlar arasında isə birinci olub.

İdman.Biz