Hidayət Heydərov: “Olimpiya çempionu ilə çalışmaqla uğursuzluq zolağından çıxdım” - MÜSAHİBƏ

Müsahibə
26 Dekabr 2023 12:46
597
Hidayət Heydərov: “Olimpiya çempionu ilə çalışmaqla uğursuzluq zolağından çıxdım” - MÜSAHİBƏ

Azərbaycanın cüdo üzrə üçqat Avropa çempionu Hidayət Heydərovun (73 kq) İdman.biz saytına müsahibəsi

- 2023-cü ilin başa çatmasına cəmi 5 gün qalıb. Tarixin yaddaşına qovuşacaq ildə “Böyük Dəbilqə”də qazanılan mükafatların sayına görə ilk “dördlük”də yer almısınız. Bunu gözləyirdiz?

- “Böyük Dəbilqə” turnirləri mühüm yarışdır və Yay Olimpiya Oyunları böyük xallar verir. Bu da reytinq baxımından əhəmiyyətlidir. Həmçinin, məşqlərdəki hazırlıq səviyyəsinin öyrənilməsi baxımından mühüm yarışdır. Təbii ki, ilk “dördlük”də olmağım sevindirici haldır. Amma əsas məqsədim zirvəyə - Olimpiadada ən yüksək pilləyə qalxmaqdır.

- Bu yarışlarda 2 qızıl və 1 bürünc medala sahib oldun. Belə uğurlu çıxış gözləyirdin?

- Əlbəttə. Çempion olacağımı gözləyirdim. Çünki dayanmadan bütün var-gücümlə məşqlər etmişdim. Çox güclü şəkildə hazırlaşmışdım. Bunun nəticəsində də uğur mənimlə oldu.

- Əgər fərqləndirsən, sizin üçün ilin ən yadda qalan yarışı hansı oldu?

- Unudulmaz yarış dekabrda Tokiodo keçirilən “Böyük Dəbilqə” turniri idi. Cüdonun vətənində finalda yerli idmançıya qarşı mübarizə apararaq, qələbə qazanmaq mənim üçün ən yadda qalan hadisə oldu.

- İl sizin üçün yaxşı başlamasa da, yekunda sözünüzü dediz. 2023-cü ili özünüz üçün necə dəyərləndirərdiz?

- Həqiqətən də il mənim üçün uğursuz başladı. Lakin son 4 ayda uğurlu nəticələr qazandım. Təbii ki, uğursuzluğun, eyni zamanda qazanılan qələbələrinin hər birinin səbəbləri var. İlin sonradan yaxşı keçməsinin səbəbi Olimpiya çempionumuz Elnur Məmmədli ilə birgə çalışmaq oldu. O mənimlə birgə məşqlər edərək, bildiklərini bölüşdü və öyrətdi. Təbii ki, bu da uğursuzluq zolağından çıxmağıma səbəb oldu.

- Yeni ildən gözləntiləriniz nədir?

- Qarşıdan Olimpiya ili gəlir. Bütün məqsədlər və keçirilən təlim-məşq toplanışlarının yeganə səbəbi olacaq: Paris-2024 Yay Olimpiya Oyunları. Mən də Olimpiadada qızıl medal əldə etmək üçün hər şey edəcəm. İnanıram ki, yüksək səviyyədə hazırlaşaraq, bayrağımızı yüksəklərdə dalğalandıracam.

Banuçiçək Hüseynli
İdman.biz