İlk 100-lükdə olmayan cüdoçular dünya çempionatında niyə çıxış edəcəklər? - Vladimir Bartanın İDMAN.BİZ-ə AÇIQLAMASI

21 Sentyabr 2026 13:09
59
İlk 100-lükdə olmayan cüdoçular dünya çempionatında niyə çıxış edəcəklər? - Vladimir Bartanın İDMAN.BİZ-ə AÇIQLAMASI

Oktyabrın 4-də Bakıda start götürəcək cüdo üzrə dünya çempionatının ilkin iştirakçı siyahısı maraqlı məqamlarla diqqət çəkib.

İdman.Biz xəbər verir ki, siyahıda dünya reytinqinin ilk 100-lüyündən xeyli aşağı pillələrdə qərarlaşan tanınmış cüdoçular da yer alıb. Bəs onlar dünya çempionatında iştirak etmək üçün xüsusi dəvət - “wild card” alıblar? Məlum olub ki, bu, heç də həmişə belə deyil.

Beynəlxalq Cüdo Federasiyasının (IJF) təsnifat qaydalarına əsasən, dünya çempionatında iştirak üçün əsas meyarlardan biri dünya reytinqində ilk 100-lükdə yer almaqdır. Lakin Bakıda keçiriləcək yarışın ilkin iştirakçı siyahısında hazırda bu həddən kənarda olan bir sıra cüdoçulara da rast gəlmək mümkündür.

Məsələn, Almaniyanı təmsil edən Olimpiya Oyunlarının gümüş medalçısı Eduard Tripel hazırkı dünya reytinqində 113-cü, Slovakiyanın nümayəndəsi Patrisiya Tomanova 115-ci, avstraliyalı Coşua Kats isə 121-ci pillədə qərarlaşıb.

Bu isə belə bir sual yaradır: bu idmançılar dünya çempionatında iştirak hüququnu necə əldə ediblər və onlara “wild card” verilib?

Beynəlxalq Cüdo Federasiyasının idman direktoru Vladimir Barta İdman.Biz-ə açıqlamasında məsələyə aydınlıq gətirib:

“Hazırda dünya reytinqinin ilk 100-lüyündən kənarda olan idmançılar mütləq “wild card” sahibi deyillər. Bunun səbəbi təsnifat sisteminin xüsusiyyətləri ilə bağlıdır”.

IJF-nin İdman və Yarışların Təşkili Qaydalarının 4.4-cü maddəsinə əsasən, dünya çempionatında iştirak hüququ yalnız sonuncu açıqlanan dünya reytinqinə əsasən müəyyənləşdirilmir. Yarış üçün təsnifat dövrünün başa çatdığı tarixdə qüvvədə olan xüsusi reytinq əsas götürülür.

Bu səbəbdən belə vəziyyət yarana bilər: idmançı təsnifatın müəyyənləşdirildiyi vaxt dünya reytinqinin ilk 100-lüyündə olub və dünya çempionatında iştirak hüququ qazanıb, daha sonra isə reytinqin yenilənməsi nəticəsində ilk 100-lükdən kənarda qalıb. Bu isə onun yarışda iştirak hüququnu avtomatik itirməsi demək deyil.

Təsnifatın digər yolu da mövcuddur. IJF-nin qaydalarına əsasən, dünya çempionatında iştirak hüququ yalnız böyüklər arasında dünya reytinqinin ilk 100-lüyündə yer alan idmançılara verilmir. Dünya üzrə gənclər reytinqinin ilk 16 pilləsində qərarlaşan cüdoçular da dünya çempionatında iştirak edə bilərlər.

Bundan başqa, sonuncu təsnifat yerini bir neçə idmançı bölüşdürərsə, həmin pillədə qərarlaşanların hamısına yarışda iştirak hüququ verilir.

Beləliklə, idmançının böyüklər arasında dünya reytinqində ilk 100-lükdən xeyli kənarda olması onun “wild card” aldığı anlamına gəlmir.

Məhz buna görə də Tripel, Tomanova və Katsın hazırkı reytinq mövqelərinə əsasən onların dünya çempionatında iştirak hüququnu necə qazandıqlarını müəyyənləşdirmək mümkün deyil. Bunun üçün təsnifat dövründə qüvvədə olan reytinq, gənclər reytinqi və 4.4-cü maddədə nəzərdə tutulan digər müddəalar nəzərə alınmalıdır.

“Wild card” verilməsi üçün ayrıca mexanizm də mövcuddur. IJF-nin İcraiyyə Komitəsi 20-dək “wild card” ayıra bilər. Bunun üçün müraciətlər milli federasiyalar tərəfindən təqdim olunmalı və yarışın ilk günündən ən azı dörd həftə əvvəl IJF-yə çatmalıdır.

Beləliklə, ilk 100-lükdən kənarda olan cüdoçu dünya çempionatında iştirak hüququnu müxtəlif yollarla əldə edə bilər: müəyyən olunmuş tarixdəki təsnifat reytinqi, gənclər reytinqi, ev sahibi ölkə üçün nəzərdə tutulan xüsusi müddəalar və ya “wild card”.

Bu səbəbdən də idmançının hazırkı dünya reytinqindəki mövqeyi onun “wild card” sahibi olduğunu söyləmək üçün kifayət etmir.

Bununla yanaşı, Bakıda bir sıra tanınmış cüdoçular da çıxış etməyəcək.

Rusiya yığması hazırkı dünya çempionlarından ikisini – 81 kq çəki dərəcəsində Timur Arbuzovu və 100 kq çəki dərəcəsində Matvey Kanikovskiyi heyətə daxil etməyib.

Braziliya isə 66 kq çəki dərəcəsində Olimpiya Oyunlarının gümüş medalçısı Vilyan Limanı, həmçinin 57 kq-da 2025-ci il dünya çempionatının mükafatçısı Şirlen Nasimentonu Bakıya gətirməyəcək.

Fransa yığması da əfsanəvi cüdoçu Teddi Rinersiz mübarizə aparacaq. O, çiyin nahiyəsindən aldığı zədə səbəbindən turnirdə iştirak etməyəcək.

Gürcüstan isə Bakıya güclü heyətlə gələcək. Kişilərdən ibarət milli komandanın sabiq baş məşqçisi Laşa Qucedcianinin Özbəkistan yığmasına keçməsinə baxmayaraq, heyətdə ikiqat Olimpiya çempionu Laşa Bekauri də yer alıb.

İdman.Biz