Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında uğurlu çıxış edən Azərbaycanın yeniyetmə cüdoçuları bu gün səhər saatlarında Vətənə qayıdıblar.
İdman.biz xəbər verir ki, idmançılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, idman ictimaiyyətinin nümayəndələri və mətbuat işçiləri qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan seçməsi fərdi mübarizəni medal sıralamasında birinci pillədə başa vurub. Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq), Süleyman Şükürov (73 kq) və Ramazan Əhmədov (90+) isə bürünc medal əldə ediblər. Yığma komandalararası yarışda isə gümüş medal qazanıb.
İdman.biz