“Onun artıq ikiqat İslamiada qalibi olması ikiqat dünya və ikiqat olimpiya çempionluğu qazanması baxımından stimuldur”.
İdman.Biz bildirir ki, bunu cüdo üzrə olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərovun şəxsi məşqçisi Tərlan Həsənov deyib.
Təcrübəli mütəxəssis sportnet.az-a açıqlamasında yetirməsinin ikiqat olimpiya çempionluğu şanslarını belə dəyərləndirib: “Bu, hər bir idmançıya nəsib olmur, amma Hidayətin enerjisi var. Azərbaycan xalqına, Prezidentimizə, müəllimlərinə söz verib. Ona görə də mənə elə gəlir ki, “qabında var”, olmalıdır”.
Həsənov 28 yaşlı idmançının 2024-cü il Paris Yay Olimpiya Oyunlarından sonra iki yarışda medal qazana bilməməsinin səbəbini də açıqlayıb: “Heydərovun ötənilki olimpiadada göstərdiyi performans dördilliyin hazırlığı idi. O hazırlıqdan sonra zirvədə qalmaq qeyri-mümkündür. Hətta ən məşhur idmançılar belə, o zirvədə dayana bilmirlər. Hamısında olimpiadadan sonra eniş olur. Hidayət indi özünü lazımi formasına qaldırır. Amma yenə də tam formada ola bilməz”.
Məşqçi titullu idmançının 2028-ci il Los Anceles Yay Olimpiya Oyunlarınadək qala 3 illik müddətdə tam formaya düşəcəyinə inam ifadə edib: “Hələ hazırlıq üçün 3 ilədək vaxt var. Peşəkarlıq hər idmançıda olmur. İnsan avtomobil deyil ki, forsaj edəsən. Gərək aşağı düşməyi də, özünə gəlməyi də, sakitləşməyi də bacarasan. Eyni zamanda psixoloji, fiziki, taktiki-texniki hazırlıq da üst-üstə düşməlidir”.
