“Final qarşılaşması çox çətin keçdi. Məğlub olduğum üçün məyusam. Düşünürəm ki, yaxşı mübarizə apardım. Amma cüdoda bir epizodda səhvə yol vermək belə, görüşün taleyini həll edə bilər. Buna görə məyus olsam da, yenidən dünya çempionatının mükafatçıları sırasında yer aldığım üçün sevincliyəm”.
Bu sözləri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında gümüş medal qazanan fransalı cüdoçu Romana Diko deyib.
Azərbaycan haqqında da fikirlərini bölüşən idmançı ölkəmizi və Bakını çox sevdiyini vurğulayıb. O, çempionatın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
“Hər şey möhtəşəm idi. Azərbaycanı, Bakı şəhərini çox sevdim. Yarış zamanı arenada çoxlu azarkeş var idi. Uşaqlar şəkil çəkdirmək, avtoqraf almaq istəyirdilər. Mənim üçün çox gözəl çempionat oldu”, - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.
