Riçard Trautman Balabəy Ağayev və Hidayət Heydərovdan danışıb

12 Oktyabr 2026 17:02
77
Riçard Trautman Balabəy Ağayev və Hidayət Heydərovdan danışıb

“60 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayevin çıxışını izlədiniz. Əslində, biz onu da dünya çempionu kimi görmək istəyirdik. Lakin təəssüf ki, o, məğlub oldu. Bu, cüdoda baş verə bilən haldır və bir tərəfdən də idmanın gözəlliyini göstərir. Cüdoda səhvə yol vermək olmaz”.

İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycanın cüdo millilərinin performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis Balabəy Ağayevlə yanaşı, titullu cüdoçu Hidayət Heydərovun çıxışını dəyərləndirib və idmançıların növbəti hədəflərini diqqətə çatdırıb:

“Hidayət Heydərov kimi dünya, Avropa və Olimpiya çempionu olan idmançımız Bakıdakı mundialda mükafat qazana bilmədi. Belə idmançılara bu nəticəni qəbul etmək, xüsusilə də doğma meydanda çıxış edərkən, daha çətindir. Lakin Hidayət və Zelim Kotsoyev Tokioda keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak etmək istədiklərini bildirdilər. Onlar cüdonun vətəni sayılan Yaponiyada özlərini göstərmək, yerli idmançılardan daha güclü olduqlarını sübut etmək istəyirlər. Mən bu düşüncə tərzini yalnız dəstəkləyə bilərəm”.

Xatırladaq ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakıda keçirilib. Azərbaycan yığması mundialda bir qızıl, iki gümüş və dörd bürünc medal qazanaraq böyüklər arasında dünya çempionatlarında medal sayına görə milli rekord müəyyənləşdirib. Əhməd Yusifov (60 kq) dünya çempionu olub. Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (100 kq-dan yuxarı) isə bürünc medal qazanıblar.

İdman.Biz