“Hidayət Heydərova gəlincə, o, böyük çempiondur. Ancaq bildiyiniz kimi, hazırda çəki ilə bağlı müəyyən çətinliklər yaşayır”.
İdman.Biz xəbər verir ki, bunu kişilərdən ibarət Azərbaycan cüdo millisinin baş məşqçisi Riçard Trautman Bakı-2026 dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, Hidayət Heydərovun hansı çəki dərəcəsində çıxış edəcəyinə özü qərar verəcək. Baş məşqçinin sözlərinə görə, cüdoçu həm 73, həm də 81 kq çəki dərəcəsində mübarizə apara bilər.
“Qərarı biz deyil, Hidayət özü verəcək. Onun qərar vermək üçün bir həftə vaxtı var. O, olimpiya nəticəsini yenidən təkrarlamaq istəyirsə, hər iki çəki dərəcəsində çıxış edə bilər. Biz onu hər bir halda dəstəkləyirik və seçimində yanında olacağıq”, - deyə Trautman vurğulayıb.
Xatırladaq ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakıda keçirilib. Azərbaycan yığması mundialda bir qızıl, iki gümüş və dörd bürünc medal qazanaraq böyüklər arasında dünya çempionatlarında medal sayına görə milli rekord müəyyənləşdirib. Əhməd Yusifov (60 kq) dünya çempionu olub. Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (100 kq-dan yuxarı) isə bürünc medal qazanıblar.
