Elnur Məmmədlidən Hidayət Heydərov və Zelim Tçkayevə dəstək - VİDEO

12 Oktyabr 2026 16:52
104
Elnur Məmmədlidən Hidayət Heydərov və Zelim Tçkayevə dəstək

“Bunlar olimpiya çempionlarıdır, dünya çempionlarıdır, hər şeydən əvvəl insandırlar. Onlardan hər il, hər yarışda eyni nəticəni göstərməyi gözləmək düzgün deyil”.

İdman.Biz xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, özü də vaxtilə cüdo ilə məşğul olub və idmançıların qarşılaşdıqları çətinlikləri anlayır.

Elnur Məmmədlinin sözlərinə görə, idmançı xəstələnə, zədələnə və ya digər səbəblərdən istədiyi nəticəni göstərə bilməyə bilər. Buna görə də belə hallara fərqli yanaşmaq lazımdır.

Vitse-prezident qeyd edib ki, əsas hədəflərdən biri 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarına hazırlıqdır:

“Bu gün tənqid olunan Hidayət Heydərov və Zelim Tçkayev olimpiya çempionu olsalar, onda nə deyəcəklər?”

Xatırladaq ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakıda keçirilib. Azərbaycan yığması mundialda bir qızıl, iki gümüş və dörd bürünc medal qazanaraq böyüklər arasında dünya çempionatlarında medal sayına görə milli rekord müəyyənləşdirib. Əhməd Yusifov (60 kq) dünya çempionu olub. Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (100 kq-dan yuxarı) isə bürünc medal qazanıblar.

İdman.Biz