Rəşad Rəsullu: “İdmançılar bizə hazır gəlməyib, özümüz yetişdirmişik” - VİDEO

12 Oktyabr 2026 16:03
124
Rəşad Rəsullu: “İdmançılar bizə hazır gəlməyib, özümüz yetişdirmişik” - VİDEO

“Cəlb etdiyimiz idmançılar bizə hazır vəziyyətdə gəlməyiblər, onları özümüz yetişdirmişik. Bu cür söhbətlər idmançılarımıza da mənfi təsir göstərir”.

İdman.Biz xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, hazırda milli komandada çıxış edən idmançıların heç biri komandaya hazır vəziyyətdə qoşulmayıb:

“Onlar bizə 14-17 yaşlarında gəliblər. Bu idmançıları özümüz yetişdirmişik. Onların bugünkü səviyyəyə çatması Azərbaycan cüdo sisteminin nəticəsidir. Xahiş edirəm, bu barədə yazanda və danışanda bunu nəzərə alasınız. Bəzən sosial şəbəkələrdə yazılanları oxuyuram və bu, mənə çox pis təsir edir. Çünki belə fikirlər idmançılarımıza da toxunur. Onlar Azərbaycan bayrağı altında yarışır və bunun üçün həqiqətən böyük əziyyət çəkirlər.

Bunu başqa cür təqdim etməməyinizi xahiş edirəm. Əgər idmançı komandamıza hazır vəziyyətdə gəlsəydi, bunu başa düşmək olardı. Ancaq bizə yeniyetmə yaşlarında qoşulan idmançıları öz yetirmələrimiz hesab edirik. Milliyyətindən asılı olmayaraq, onları öz idmançılarımız kimi qəbul edirik”.

Rəşad Rəsullu cüdoçularımızın texniki hazırlığına da toxunub. O bildirib ki, Ömər Rəcəbli kimi idmançılarımızın ne-vaza texnikası, xüsusilə də ayaqla hücumları dünya səviyyəsində yüksək qiymətləndirilir. Bununla belə, bəzi texniki məqamların təkmilləşdirilməsinə ehtiyac var.

ACF rəsmisinin sözlərinə görə, Ömər Rəcəbli də müəyyən texniki elementlər üzərində işləməlidir. Bu baxımdan, komi-kata texnikasının inkişafına da diqqət yetiriləcək.

Rəsullu klassik cüdonun inkişafının federasiyanın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, bu sahədəki çatışmazlıqlar böyüklərdən ibarət milli komandada da özünü göstərir. Problemin aradan qaldırılması üçün təlim-məşq prosesinin təkmilləşdirilməsi vacibdir.

Federasiya rəsmisi bu istiqamətdə artıq konkret addımların atıldığını bildirib.

Xatırladaq ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakıda keçirilib. Azərbaycan millisi mundialda bir qızıl, iki gümüş və dörd bürünc medal qazanaraq böyüklər arasında dünya çempionatlarında medal sayına görə milli rekord müəyyənləşdirib.

Əhməd Yusifov (60 kq) dünya çempionu olub. Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (100 kq-dan yuxarı) isə bürünc medal qazanıblar.

İdman.Biz