Rəşad Rəsullu: “Uğurlu nəticələrə görə idmançılarımıza təşəkkür edirəm”

12 Oktyabr 2026 15:33
114
Rəşad Rəsullu: “Uğurlu nəticələrə görə idmançılarımıza təşəkkür edirəm”

“Dünya çempionatına təxminən bir il hazırlaşdıq. Bu müddətdə Azərbaycan Gənclər və İdman Nazirliyinin, şəxsən nazir Fərid Qayıbovun və Milli Olimpiya Komitəsinin dəstəyini yüksək qiymətləndiririk”.

İdman.Biz xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu Milli Gimnastika Arenasında Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, dünya çempionatı Azərbaycan üçün yaxşı nəticələrlə yadda qaldı:

“Uğurlu nəticələrinə görə idmançılarımıza təşəkkür edirəm. Hesab edirəm ki, bu yarış uzun müddət xatirələrdə xüsusi yer tutacaq. İlk növbədə Azərbaycan Cüdo Federasiyası olaraq Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Sözsüz ki, dövlət başçısının yarışın ikinci günündə, açılış mərasimində iştirakı və dünya çempionatında komandamıza dəstək verməsi Azərbaycan Cüdo Federasiyası rəhbərliyi üçün qürur mənbəyi oldu. Prezident İlham Əliyevin qızıl medal qazanan Əhməd Yusifovla şəxsən görüşməsi bizim üçün böyük stimul oldu. Ölkə rəhbərliyinin göstərdiyi diqqət və qayğı bizi daha da ruhlandırdı”.

Qeyd edək ki, mətbuat konfransında ACF-nin vitse-prezidenti Elnur Məmmədli, icraçı vitse-prezidenti Rəşad Rəsullu, milli komandaların performans direktoru və kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman iştirak edirlər.

Xatırladaq ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakıda keçirilib. Azərbaycan yığması mundialda bir qızıl, iki gümüş və dörd bürünc medal qazanaraq böyüklər arasında dünya çempionatlarında medal sayına görə milli rekord müəyyənləşdirib. Əhməd Yusifov (60 kq) dünya çempionu olub. Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (100 kq-dan yuxarı) isə bürünc medal qazanıblar.

İdman.Biz