“Şəxsən mənim federasiya rəsmisi kimi onlara ümidim böyükdür. Qadın idmançılarımız artıq ilk mərhələdə uduzmurlar”.
İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Federasiya rəsmisi ölkədə qadın cüdosunun mövcud vəziyyətini, inkişaf perspektivlərini və rəqabəti artırmaq üçün nəzərdə tutulan planları diqqətə çatdırıb:
“Ölkədə qadın cüdosu kişi cüdosundan geri qalır. Bunu etiraf etməliyik. Hər şeyin yaxşıya doğru getməsi baxımından əlimizdən gələni edəcəyik. Federasiya olaraq öz məsuliyyətimizi dərk edirik. Ölkədə qadın cüdoçuların sayını artırmağı düşünürük. Belə olan halda rəqabət artacaq və uğur qazanmaq bir qədər də yaxınlaşacaq”.
Xatırladaq ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakıda keçirilib. Azərbaycan millisi mundialda bir qızıl, iki gümüş və dörd bürünc medal qazanaraq böyüklər arasında dünya çempionatlarında medal sayına görə milli rekord müəyyənləşdirib.
Əhməd Yusifov (60 kq) dünya çempionu olub. Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (100 kq-dan yuxarı) isə bürünc medal qazanıblar.
