Rusiya Cüdo Federasiyasının prezidenti Sergey Soloveyçik Azərbaycan tərəfinin 2026-cı ildə Bakıda keçirilən dünya çempionatı zamanı Rusiya yığmasına münasibətini yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, o, xüsusilə 100 kq-dan yuxarı çəki dərəcəsindəki final görüşündən sonra Azərbaycan idman rəhbərliyinin davranışına diqqət çəkib. Həmin qarşılaşmada rusiyalı İnal Tasoyev Uşanqi Kokauriyə qalib gələrək qızıl medal qazanıb.
Azərbaycanlı cüdoçunun məğlubiyyətinə baxmayaraq, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev və gənclər və idman naziri Fərid Qayıbov Rusiya yığmasının nümayəndələrini şəxsən təbrik ediblər.
“Daim deyirəm ki, bütün federasiyalarla unikal dostluq münasibətlərimiz var. Ancaq Bakıda federasiyanın prezidenti və bütün kollektiv bizə qarşı son dərəcə mehriban münasibət göstərirdi. Ehtiyacımız olan hər şeydə həmkarlarımız bizə dəstək olur və kömək edirdilər.
İnal Tasoyevin qələbəsindən sonra məşqçilərimizi təbrik etmək üçün Azərbaycan Cüdo Federasiyasının prezidenti və ölkənin idman naziri isinmə zalına gəldilər.
Onlar özləri də həmin vaxt məyusluq yaşayırdılar, çünki qızıl medal qazanmağa ümid edirdilər. Buna baxmayaraq, gəlib komandamızı, bizi təbrik etdilər. Bu, çox dəyərlidir. Məhz bu, cüdoda dostluq, qarşılıqlı yardım və tərəfdaşlıq ab-havasıdır. Cüdo elə budur”, - Soloveyçik “Matç TV”yə açıqlamasında deyib.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakıda keçirilib. Azərbaycan yığması mundialda bir qızıl, iki gümüş və dörd bürünc medal qazanaraq böyüklər arasında dünya çempionatlarında medal sayına görə milli rekord müəyyənləşdirib.
Əhməd Yusifov (60 kq) dünya çempionu olub. Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (100 kq-dan yuxarı) isə bürünc medal qazanıblar.
Rusiya yığması isə Bakıdakı dünya çempionatını bir qızıl, bir gümüş və dörd bürünc medalla başa vurub.
