Rəşad Nəbiyev yeddi medalla rekord qazanan cüdoçularımızı təbrik etdi - FOTO

11 Oktyabr 2026 01:49
114
Rəşad Nəbiyev yeddi medalla rekord qazanan cüdoçularımızı təbrik etdi

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatının fərdi yarışlarını rekord göstərici - yeddi medalla başa vuran cüdoçuları təbrik edib.

İdman.Biz xəbər verir ki, federasiya rəhbəri “X” sosial şəbəkəsindəki paylaşımında millimizin nailiyyətini yüksək qiymətləndirib:

“Bakıda keçirilən cüdo üzrə dünya çempionatında +100 kq çəki dərəcəsində Uşanqi Kokauri gümüş, Kənan Nəsibov isə bürünc medal qazanıb. Bu nəticə ilə milli komandamız fərdi yarışları rekord göstərici - yeddi medalla başa vurub. Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, sabah keçiriləcək qarışıq komanda yarışında millimizə uğurlar arzulayıram”.

Azərbaycan millisi fərdi yarışlarda bir qızıl, iki gümüş və dörd bürünc medal əldə edib. Əhməd Yusifov (60 kq) dünya çempionu olub. Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medal qazanıblar.

Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.

İdman.Biz