Azərbaycan cüdo millisi qarışıq komanda yarışında mübarizəni dayandırıb - YENİLƏNİB + FOTO/VİDEO

11 Oktyabr 2026 11:57
686
Azərbaycan cüdo millisi qarışıq komanda yarışında mübarizəni dayandırıb - YENİLƏNİB + FOTO/VİDEO

Cüdo üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının qarışıq komanda yarışında mübarizəni dayandırıb.

İdman.Biz xəbər verir ki, yığma 1/8 final mərhələsində Yaponiya komandasına 1:4 hesabı ilə uduzub. Rəqib 1/4 finala vəsiqə qazanıb.

Azərbaycan millisinin yeganə qələbəsini Zelim Kotsoyev (+90 kiloqram) Kanta Nakano ilə qarşılaşmada əldə edib.

Digər dörd qarşılaşmada Yaponiya təmsilçiləri üstün olublar. Xədicə Qədəşova (57 kiloqram) Momo Tamaokiyə, Rəşid Məmmədəliyev (73 kiloqram) Ryuqa Tanakaya, Südabə Ağayeva (70 kiloqram) Şiho Tanakaya, Zelim Tskayev (90 kiloqram) isə Qoki Tacimaya məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə - yeddi medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.

11:43

Cüdo üzrə Azərbaycan millisi Bakıdakı dünya çempionatının qarışıq komanda yarışında Yaponiya ilə görüşdə 1:3 hesabı ilə geridədir.

İdman.Biz xəbər verir ki, 1/8 final mərhələsinin dördüncü qarşılaşmasında Südabə Ağayeva (70 kiloqram) Şiho Tanakaya uduzub.

Daha əvvəl Zelim Kotsoyev (+90 kiloqram) Kanta Nakanonu məğlub edib. Xədicə Qədəşova (57 kiloqram) Momo Tamaokiyə, Rəşid Məmmədəliyev (73 kiloqram) isə Ryuqa Tanakaya uduzublar.

Qarışıq komanda yarışında qələbə üçün dörd qarşılaşmada üstün olmaq lazımdır.

11:36

Cüdo üzrə Azərbaycan millisi Bakıdakı dünya çempionatının qarışıq komanda yarışında Yaponiya ilə görüşdə hesabda geri düşüb.

İdman.Biz xəbər verir ki, 1/8 final mərhələsinin üçüncü qarşılaşmasında Rəşid Məmmədəliyev (73 kiloqram) Ryuqa Tanakaya uduzub. Yaponiyalı cüdoçu bu çempionatda fərdi yarışda qızıl medal qazanıb.

Bu nəticədən sonra Yaponiya 2:1 hesabı ilə öndədir.

Daha əvvəl Zelim Kotsoyev (+90 kiloqram) Kanta Nakano üzərində qələbə qazanıb, Xədicə Qədəşova (57 kiloqram) isə Momo Tamaokiyə məğlub olub.

11:28

Cüdo üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının qarışıq komanda yarışında Yaponiya yığması ilə qarşılaşır.

İdman.Biz xəbər verir ki, 1/8 final mərhələsindəki görüşdə iki qarşılaşmadan sonra hesab bərabərdir - 1:1.

90 kiloqramdan yuxarı çəki dərəcəsində Zelim Kotsoyev Kanta Nakano üzərində ippon qələbəsi qazanıb.

57 kiloqramda isə Xədicə Qədəşova Momo Tamaokiyə ipponla uduzub.

09:59

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışında Azərbaycan millisi Avstriya yığmasını məğlub edib.

İdman.Biz xəbər verir ki, 1/16 final mərhələsində komandamız rəqibinə 4:0 hesabı ilə qalib gəlib.

İlk görüşdə Madina Kaisinova (+70 kq) qələbə qazanaraq millimizi hesabda irəli çıxarıb. Ardınca Zelim Kotsoyev (+90 kq) Movli Borçaşvilini ipponla məğlub edərək üstünlüyü artırıb.

Üçüncü qarşılaşmada Xədicə Qədəşova (57 kq) rəqibinə qalib gəlib. Sonuncu görüşdə isə Rəşid Məmmədəliyev (73 kq) Firas Ben Saad üzərində qələbə qazanaraq yekun hesabı müəyyənləşdirib - 4:0.

Beləliklə, Azərbaycan millisi dünya çempionatının qarışıq komanda yarışında 1/8 final mərhələsinə yüksəlib. Millimizin rəqibi Yaponiya yığması olacaq.

09:51

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışında Azərbaycan millisi Avstriya yığması ilə qarşılaşır.

İdman.Biz xəbər verir ki, 1/16 final mərhələsində komandamız ilk üç görüşün hamısında qələbə qazanaraq hesabda 3:0 önə keçib.

İlk qarşılaşmada Madina Kaisinova (+70 kq) rəqibini məğlub edərək millimizi hesabda irəli çıxarıb.

Ardınca tatamiyə çıxan Zelim Kotsoyev (+90 kq) Avstriya təmsilçisi Movli Borçaşvilini ipponla məğlub edərək üstünlüyü artırıb - 2:0.

Üçüncü görüşdə isə Xədicə Qədəşova (57 kq) rəqibinə qalib gələrək hesabı 3:0-a çatdırıb.

Qeyd edək ki, Azərbaycan millisi Avstriyanı məğlub edəcəyi təqdirdə növbəti mərhələdə Yaponiya yığması ilə qarşılaşacaq.

08:58

Bakıda keçirilən cüdo üzrə dünya çempionatına bu gün qarışıq komanda yarışı ilə yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq səkkizinci yarış günündə 18 ölkədən 192 cüdoçu mübarizə aparacaq.

Azərbaycan millisi yarışa 1/16 final mərhələsindən başlayacaq. Komandamızın ilk rəqibi Avstriya yığması olacaq. Millimiz bu mərhələni keçəcəyi təqdirdə 1/8 finalda Yaponiya seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşmalar altı çəki dərəcəsində - kişilər arasında 73, 90 və 90 kq-dan yuxarı, qadınlarda isə 57, 70 və 70 kq-dan yuxarı çəkilərdə keçiriləcək.

Azərbaycan millisinin heyətində 11 cüdoçu yer alıb.

Qadınlar:
57 kq: Gültac Məmmədəliyeva, Xədicə Qədəşova
70 kq: Südabə Ağayeva, Hanna Zaytseva
+70 kq: Madina Kaisinova

Kişilər:
73 kq: Rəşid Məmmədəliyev, Ruslan Paşayev
90 kq: Zelim Tçkayev, Süleyman Şükürov
+90 kq: Zelim Kotsoyev, Uşanqi Kokauri

Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 09:30-da, final bloku isə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə - yeddi medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.

İdman.Biz