ABŞ səfirliyi Bakıda keçirilən cüdo üzrə dünya çempionatından paylaşım edib - FOTO

13 Oktyabr 2026 17:22
111
ABŞ səfirliyi Bakıda keçirilən cüdo üzrə dünya çempionatından paylaşım edib - FOTO

ABŞ-nin Azərbaycandakı səfirliyi Bakıda keçirilən cüdo üzrə dünya çempionatında uğurla çıxış edən Azərbaycan millisini təbrik edib.

İdman.Biz xəbər verir ki, bu barədə səfirliyin “Facebook” sosial şəbəkə hesabında paylaşım olunub.

Bildirilib ki, Azərbaycan cüdoçuları turnirdə bir qızıl, iki gümüş və dörd bürünc medal qazanıblar.

Paylaşımda ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlonun da çempionatı izlədiyi, ABŞ və Azərbaycan komandalarına azarkeşlik etdiyi qeyd olunub. O, dünyanın müxtəlif ölkələrindən gələn azarkeşlərlə birlikdə idmanın insanları və xalqları bir araya gətirən unikal gücünü vurğulayıb.

Paylaşımda oktyabrın 12-18-də ABŞ-nin Las-Veqas şəhərində 23 yaşadək (U-23) güləşçilər arasında dünya çempionatının keçirildiyi də diqqətə çatdırılıb.

Xatırladaq ki, Azərbaycanın cüdo millisi oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçirilən dünya çempionatını rekord nəticə - yeddi medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.

İdman.Biz