Dünya çempionumuzun məşqçisi Olimpiya hədəfindən danışdı

15 Oktyabr 2026 22:28
167
Dünya çempionumuzun məşqçisi Olimpiya hədəfindən danışdı

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan Əhməd Yusifovun şəxsi məşqçisi Nağı Babayev yetirməsinin Olimpiya Oyunlarındakı perspektivlərini dəyərləndirib.

İdman.Biz “Azerisport”a istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis 60 kq çəki dərəcəsində çıxış edən dünya çempionunun Olimpiya mükafatı qazanmaq potensialına inandığını söyləyib.

“Kim nə deyirsə, bu, onların fikridir. Mən məşqçi kimi həmişə idmançıma inanıram. Əhmədin ciddi çiyin zədəsi var idi, amma xarakter göstərərək Avropa çempionatında tatamiyə çıxdı və bürünc medal qazandı.

Uzun müddət bu çəkidə dünya lideri olmuş Balabəy Ağayev də bizim yetirməmizdir. Onun uğurlarına da sevinirik. Bu, idmandır, burada rəqabət var. Olimpiadaya kim daha güclüdürsə, o getsin və bizi medalla sevindirsin. Hər ikisinə uğurlar arzulayıram”, – deyə Babayev vurğulayıb.

Təcrübəli məşqçi Əhməd Yusifovla on yaşından işlədiyini və onun idman uğurları ilə yanaşı, şəxsi keyfiyyətlərini də yüksək qiymətləndirdiyini qeyd edib.

“Əhməd uşaqlıqdan mənim yanımda məşq edir. Hər bir məşqçinin ən böyük arzusu yetirməsinin idmanda ən yüksək zirvələrə çatması və eyni zamanda layiqli insan olaraq qalmasıdır. O, həmişə təvazökar olub. Düşünürəm ki, bundan sonra da belə qalacaq”.

Nağı Babayev Azərbaycan millisinin Bakıda keçirilən dünya çempionatındakı nəticələrindən də razı qalıb. Onun sözlərinə görə, Azərbaycan Cüdo Federasiyasının fəaliyyəti həm böyüklər, həm də gənclər arasında uğurlu nəticələr verir.

Mütəxəssis uzunmüddətli təmir və yenidənqurmadan sonra fəaliyyətini bərpa edən Respublika Olimpiya İdman Liseyinin əhəmiyyətindən də danışıb.

“Respublika Olimpiya İdman Liseyi Azərbaycan idmanının əsl məbədidir. Bunu uzun illər orada çalışdığıma görə demirəm. Həmin liseydə çoxlu Olimpiya, dünya və Avropa çempionları yetişib. Onun uzun müddət bağlı qalması hamımızı narahat edirdi”.

Babayev liseyin yetirmələri arasında Nazim Hüseynov, Elnur Məmmədli, Valeri Belenki, Kamandar Məcidov, Əhməd Yusifov və Nicat Şıxəlizadənin adlarını çəkib.

O, təhsil müəssisəsinin fəaliyyətinin bərpasında əməyi olanlara, o cümlədən direktor Hikmət Babayevə təşəkkürünü çatdırıb və cüdo zalının müasir səviyyədə yeniləndiyini vurğulayıb.

Məşqçi, həmçinin liseydə yenidən çalışacağını təsdiqləyib:

“Mənə liseydə işə qayıtmaq təklif olunub”.

Qeyd edək ki, Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında Azərbaycanın yeganə qızıl medalını qazanıb.

İdman.Biz