İki azərbaycanlı cüdoçu dünya reytinqinə başçılıq edir - İDMAN.BİZ-İN İCMALI

13 Oktyabr 2026 12:47
82
İki azərbaycanlı cüdoçu dünya reytinqinə başçılıq edir - İDMAN.BİZ-İN İCMALI

İki azərbaycanlı cüdoçu Beynəlxalq Cüdo Federasiyasının (IJF) yenilənmiş dünya reytinqində öz çəki dərəcələrində ilk pilləyə yüksəlib.

İdman.Biz xəbər verir ki, IJF Bakıda başa çatan dünya çempionatının nəticələrinə əsasən cüdoçuların dünya reytinqini yeniləyib.

Qeyd edək ki, Azərbaycan millisi mundialda ölkə tarixinin rekord nəticəsini göstərərək yeddi medal qazanıb. Əhməd Yusifov (60 kq) dünya çempionu olub. Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (100 kq-dan yuxarı) isə bürünc medal əldə ediblər.

Xəbər verdiyimiz kimi, Bakıdakı dünya çempionatında qızıl medal qazanan Əhməd Yusifov 5180 xal toplayaraq 60 kq çəki dərəcəsində beşinci pillədən birinci yerə yüksəlib. Bu çəki dərəcəsində əvvəlki reytinq lideri olan digər azərbaycanlı cüdoçu Balabəy Ağayev isə 4823 xalla ikinci sıraya düşüb.

Dünya çempionatının gümüş medalçısı Zelim Tçkayev də 81 kq çəki dərəcəsində dünya reytinqinin lideri olub. Onun hesabında 4662 xal var. Tçkayevin ən yaxın izləyicisi olan rusiyalı Timur Arbuzov ondan 512 xal geri qalır. Eyni çəki dərəcəsində çıxış edən və Bakıdakı mundialda bürünc medal qazanan Ömər Rəcəbli isə 3647 xalla altıncı pillədəki mövqeyini qoruyub.

Digər gümüş medalçımız Uşanqi Kokauri (100 kq-dan yuxarı) 4690 xal toplayaraq üçüncü yerdən ikinci pilləyə yüksəlib. Bununla belə, onun yaxın vaxtlarda reytinq liderliyini ələ keçirməsi çətin görünür. Belə ki, Bakıdakı finalda Kokauriyə qalib gələn rusiyalı İnal Tasoyev 7400 xalla birinci yerdədir. Kokaurinin ən yaxın izləyicisi isə Azərbaycan millisinin digər üzvü, Bakı dünya çempionatının bürünc medalçısı Kənan Nəsibovdur. Onun hesabında 3920 xal var.

Bakı mundialının digər bürünc medalçısı Rəşid Məmmədəliyev (73 kq) 4543 xalla bir pillə irəliləyərək dördüncü yerə yüksəlib. Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Hidayət Heydərov isə Bakıdakı dünya çempionatında uğursuz çıxışından sonra 1933 xalla dörd pillə geriləyərək 20-ci sıraya düşüb.

Dünya çempionatının bürünc medalçısı Murad Fətiyev (90 kq) 4005 xalla dünya reytinqində üçüncü yerini qoruyub. Bu çəki dərəcəsində ondan öndə Bakıdakı mundialın finalçıları – yaponiyalı Sanşiro Murao (6000 xal) və Goki Tacima (4650 xal) qərarlaşıblar.

66 kq çəki dərəcəsində mübarizə aparan Ruslan Paşayev 3411 xalla dördüncü pillədən altıncı yerə geriləyib. Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi Zelim Kotsoyev də 100 kq çəki dərəcəsində mövqeyini bir pillə itirib. Onun hesabında 2894 xal var və o, hazırda 12-ci sıradadır.

Qadın cüdoçuların dünya reytinqində isə Azərbaycan təmsilçiləri arasında ən yüksək mövqedə Gültac Məmmədəliyeva (52 kq) qərarlaşıb. O, 1625 xal toplayaraq altı pillə irəliləyib və dünya reytinqində 24-cü yerə yüksəlib.

İdman.Biz