Balabəy Ağayev: “Cüdoda yeniliklər nəticə verəndə bundan zövq alırsan” - MÜSAHİBƏ

Müsahibə
22 Oktyabr 2025 16:17
62
Balabəy Ağayev: “Cüdoda yeniliklər nəticə verəndə bundan zövq alırsan” - MÜSAHİBƏ

Balabəy Ağayev Meksikada təşkil edilmiş Qran-pri yarışında Azərbaycanın cüdo millisinə ilk qızıl medalı qazandıran idmançı olub. Yüngülçəkili cüdoçumuzun bu qələbəsi onun karyerasında nüfuzlu turnirlərdə beşinci çempionluğu kimi əlamətdardır.

İdman.Biz cüdo milimizin heyətində Qvadalaxara Qran-prisinin qəhrəmanlarından biri olan Balabəy Ağayevin Beynəlxalq Cüdo Federasiyasının (IJF) saytına verdiyi müsahibəni təqdim edir.

- Siz təkcə qalib gəlmədiniz, turnirdə bütün görüşləri vaxtından əvvəl qazandınız. Bunu necə bacardınız?

- Öz döyüşümün keyfiyyətindən zövq aldım. Özümə inanırdım ki, çempion ola bilərəm, çünki hazırlığım çox yaxşı idi. Bundan əvvəl Braziliyada iki həftəlik təlim-məşq toplanışı keçmişdik və bu, mənə çox kömək etdi. Qvadalaxarada səylə mübarizə apardım və bu qələbəyə layiq idim.

- Finaldakı rəqibiniz Mitçel Auqustoyla Braziliya toplanışında birgə sparrinqlər keçmisiniz. Bu, sizə braziliyalını məğlub etməkdə kömək etdimi?

- Gün ərzində bir neçə dəfə bir-birimizlə qarşılaşırdıq, demək olar ki, hər məşqdə. Onun mənimlə, mənim də onunla güləşmək bir qədər çətin idi. Amma buna baxmayaraq, Qran-prinin finalında Auqustoya qalib gəlməyi bacardım.

- Yəni siz braziliyalıya qarşı elə bir “sirri” tapmışdınız ki, məşqlərdə ondan gizlətmişdiniz?

- O, mənim soldan həyata keçirdiyim əks-hücumu gözləmirdi. Yəqin düşünürdü ki, məşqlərdə istifadə etdiyim klassik tutuşları tətbiq edəcəyəm, amma mən Auqustoya sürpriz etdim.

- Deməli, belə tərzdə qalib gəlməyin, yəni gözəl qələbənin ayrıca bir zövqü var?

- Bu, möhtəşəm hissdir. Cüdoda yeniliklər tətbiq edirsən, onlar nəticə verir və bundan zövq alırsan. Belə uğurun dadı ikiqat şirin olur. Qarşıdakı yarışlarda da mübarizə tərzimə bu cür elementlər əlavə etməyə çalışacağam, yeni taktiki həllər üzərində işləyəcəyəm.

- Qvadalaxaradakı çıxışla Azərbaycan komandası Amerika qitəsindəki turunu başa vurdu. Demək olarmı ki, uyğunlaşma uğurlu keçdi?

- Mən Limadakı Qran-prini buraxdım və yalnız Meksikada çıxış etdim. Bakı ilə saat fərqi çox olduğuna görə çıxış etmək bir qədər çətin idi. Final görüşlərinə çıxanda, Bakıda artıq gecə yarısı idi. Amma belə şəraitdə qalib gəlmək daha xoş oldu, yarışın atmosferi mənə çox xoş təsir bağışladı.

- Qələbənizi necə qeyd etdiniz?

- Evə zəng etdim, ailəmlə danışdım. Onları sevindirdiyim üçün çox xoşbəxtəm.

İdman.Biz