Dünən yerli mətbuatda yayılan xəbərlərdə sumqayıtlı peşəkar çapar Gülay Fərzəliyevanın artıq bir ildir idman yarışlarından kənarda qaldığı, bunun isə atası barəsində davam edən cinayət işi ilə əlaqələndirildiyi bildirib. Həmin xəbərlərdə idmançı yarışlara qayıtmaq və yenidən Azərbaycanı beynəlxalq arenada təmsil etmək istədiyini açıqlayıb.
İdman.Biz sumqayit24.az-a istinadən xəbər verir ki, 17 yaşlı Gülay ilə əlaqə saxlayaraq məsələ ilə bağlı fikirlərini soruşub.
Gülay Fərzəliyeva bildirib ki, hələ də ölkə daxilində heç bir atçılıq klubundan təklif almayıb:
“Nə üçün təklif yoxdur, nə baş verdiyini bilmirik. Halbuki atçılıq klubları gənc və bacarıqlı idmançılar axtarırlar. Mən səbirsizliklə Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” Atçılıq Klubuna qayıtmağımı gözləyirəm. Mənim üçün ora çox doğmadır. Çünki yeddi il ərzində “Sərhədçi” Atçılıq Klubunda konkur idman növünü layiqincə təmsil etmişəm və idman fəaliyyətimi orada davam etdirmişəm”.
İdmançı qeyd edib ki, başqa klublardan təklif olacağı təqdirdə ora gedib-gəlmək ailəsi üçün həm vaxt, həm də maddi baxımdan çətinlik yarada bilər:
“Novxanı Atçılıq İdman Mərkəzi yaşadığım ünvana çox yaxındır. Əgər başqa klublar təklif edərsə, bizim ora gedib-gəlməyə vaxt və maddi imkanımız çatmır. Odur ki, xahiş edirəm, mənim Novxanı Atçılıq İdman Mərkəzində fəaliyyətimi davam etdirməyimə imkan yaradılsın”.
Gənc çapar əsas məqsədinin gələcəkdə Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etmək olduğunu bildirib.
“Məqsədim gələcəkdə Azərbaycanı layiqincə təmsil edib bayrağımızı dünyada dalğalandırmaqdır. Mənə və ailəmə dəstək olan Vətənimizin igid bacı-qardaşlarına dərin minnətdarlığımızı bildiririk. Ümid edirəm ki, dəstəyinizi əsirgəməyəcəksiniz və mən idman karyeramı xarici ölkədə davam etdirməyə məcbur qalmayacağam”.
