Buz hokkeyi üzrə Latviyanın 18 yaşadək yığması 2027-ci il Dünya Çempionatında Belarus millisinə qarşı oyuna çıxmaq niyyətində deyil.
İdman.Biz xəbər verir ki, bunu Latviya Hokkey Federasiyasının baş katibi Robert Plyaveys açıqlayıb.
Onun sözlərinə görə, Latviya millisi turnirdə iştirak etməyi planlaşdırır, lakin Belarus yığması ilə matç keçirmək fikrində deyil. Bu mövqe Beynəlxalq Buz Hokkeyi Federasiyasının (IIHF) Belarusun yeniyetmə və qadın yığmalarını 2026/2027-ci illər mövsümündə dünya çempionatlarına buraxmaq qərarından sonra gündəmə gəlib.
Belarusun 18 yaşadək oğlanlardan ibarət millisi ABŞ-nin Dulut şəhərində keçiriləcək Dünya Çempionatında iştirak etməlidir. Yarış 22 aprel - 2 may 2027-ci il tarixlərində təşkil olunacaq.
Latviya və Belarus yığmaları qrup mərhələsində fərqli qruplarda yer alacaqlar. Buna baxmayaraq, komandaların pley-offda və ya elit divizionda qalmaq uğrunda oyunda üz-üzə gəlmək ehtimalı var.
Qeyd olunur ki, Latviya qanunvericiliyi milli komandaların Rusiya və Belarus yığmalarına qarşı oynamasını qadağan edir. Bu səbəbdən mümkün qarşılaşma IIHF üçün əlavə problem yarada bilər.
Xatırladaq ki, IIHF Belarusun 2026/2027-ci illər mövsümündə üç turnirə buraxılmasına qərar verib. Rusiya ilə bağlı məsələ isə avtomatik həll olunmayıb və qurum hər yarış üzrə ayrıca qiymətləndirmə aparacağını açıqlayıb.
