Azərbaycanlı keçmiş gimnastın anası videomüraciət yayıb

8 İyun 2026 12:24
89
Azərbaycanlı keçmiş gimnastın anası videomüraciət yayıb

Keçmiş Azərbaycan gimnastı Zeynəb Cavadlının anası Səbinə Cavadlı qızının və nəvələrinin itkin düşməsi ilə bağlı videomüraciət edib.

İdman.Biz xəbər verir ki, o, son beş gündə qızı və nəvələrinin harada saxlanılması barədə heç bir məlumat ala bilmədiyini deyib.

“Bir ana kimi çox narahatam. Beş gündür qızım Zeynəbin və onun uşaqlarının harada olduğunu, onları hara və necə apardıqlarını bilmirəm. Bütün Azərbaycan xalqına və beynəlxalq ictimaiyyətə müraciət edərək bizə kömək göstərmələrini xahiş edirəm”, – deyə Səbinə Cavadlı bildirib.

Bu arada BBC Dubay Baş Prokurorluğuna istinadən məlumat yayıb ki, Zeynəb Cavadlı keçmiş həyat yoldaşı, Dubay əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktumun şikayəti əsasında saxlanılıb.

İddialara görə, Zeynəb Cavadlı məhkəmə qərarı ilə nəzərdə tutulan görüş zamanı uşaqları özü ilə aparıb. Baş Prokurorluq hazırda faktla bağlı araşdırma aparıldığını açıqlayıb.

Daha əvvəl yayılan məlumatlarda bildirilirdi ki, Zeynəb Cavadlı və onun üç qızı gecə saatlarında Dubay polisi tərəfindən saxlanılıb. Gimnastın britaniyalı vəkili Devid Heyqin sözlərinə görə, həmin vaxtdan sonra onunla əlaqə tamamilə kəsilib.

Həmçinin qeyd olunub ki, qızına dəstək olmaq üçün Dubaya gedən Səbinə Cavadlının evə daxil olmasına icazə verilməyib. Keçmiş həyat yoldaşları uzun illərdir uşaqların qəyyumluğu ilə bağlı məhkəmə çəkişməsi aparır və bir-birlərini uşaqları qaçırmaqda ittiham edirlər.

İdman.Biz