Avropa çempionatının gənc “supermeni” - İDMAN.BİZ PORTUQALİYADAN - FOTO/VİDEO

12 Aprel 2026 17:42
206
Avropa çempionatının gənc “supermeni” - İDMAN.BİZ PORTUQALİYADAN - FOTO/VİDEO

Ammar Baxşəliyev batut gimnastikası üzrə Azərbaycanın yeniyetmələrdən ibarət yığmasının ən universal idmançılarından biridir.

Portuqaliyada keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında 16 yaşlı gimnast üç proqramda beş finala yüksəlib: batutda tullanma (fərdi və komanda), ikili mini-batut (fərdi və komanda) və sinxron (Fərhad Mustafayevlə cütlükdə). Komanda daxilində bəziləri onu hətta “supermen” adlandırırlar.

İdman.Biz Portuqaliyadan xəbər verir ki, Ammar Baxşəliyev bu gün Avropa çempionatında çıxışını başa vurub.

“Çətin idi, demək olar ki, hər gün 4-5 starta çıxırdım. Amma xoşbəxtlikdən, yarışların heç birində yıxılmadım. Yalnız sinxron proqramda səhvə yol verdim”, - deyə idmançı təəssüratlarını bölüşüb.

Onun sözlərinə görə, nəticənin daha yaxşı olacağına ümid etsə də, bütün çıxışlarından zövq alıb:

“Mənəvi cəhətdən bir neçə yarışda çıxış edəcəyimə hazır idim. Fiziki cəhətdən isə bir qədər formada deyildim, çünki zədələr səbəbindən bir müddət məşq edə bilməmişdim. Lakin hər şeyi yerinə yetirdiyim üçün xoşbəxtəm. Bütün çıxışlarımdan zövq aldım və özümlə qürur duyuram. Əlbəttə, daha yaxşı edib medal qazana bilərdim, amma bu dəfə alınmadı”.

İdman.Biz