Portuqaliyanın Portimao şəhərində keçirilən Avropa çempionatında batut gimnastikası üzrə Azərbaycan millisi komanda hesabında dördüncü yeri tutub.
Yığmanın məşqçisi Hafiz Rzayev yarışdan sonra təəssüratlarını İdman.Biz ilə bölüşüb.
Mütəxəssis bu nəticənin tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Bu, batutçularımızın böyüklər arasında Avropa çempionatlarında komanda hesabında ilk çıxışıdır. İlk cəhddən dördüncü yeri tutmaq böyük uğurdur, çünki bütün komandalar heç olmasa final mərhələsinə yüksəlməyi hədəfləyirlər. Hesab edirəm ki, növbəti çempionatda daha yaxşı çıxış edəcəyik”.
Hafiz Rzayev bu uğurun təsadüfi olmadığını və ölkədə bu idman növünün inkişaf etdiyini qeyd edib:
“Biz əvvəlcə Paris Olimpiadasına lisenziya qazandıq, indi isə ən güclü dördlüyə düşdük. Bu, Azərbaycanda batut gimnastikasının inkişaf etdiyini və böyük gələcəyinin olduğunu göstərir”.
