Aleksey Karataşov: “Böyüklər arasında debütümü medalla taclandırdığım üçün şadam” - İDMAN.BİZ PORTUQALİYADA

12 Aprel 2026 09:35
241
Aleksey Karataşov: “Böyüklər arasında debütümü medalla taclandırdığım üçün şadam” - İDMAN.BİZ PORTUQALİYADA

"Bu gün çıxış etməsəm də, uşaqlar üçün çox narahat idim və onlara azarkeşlik edirdim".

Bunu İdman.Biz saytına tamblinq üzrə Azərbaycan millisinin üzvü Aleksey Karataşov deyib. O, Azərbaycan komandasının batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında gümüş medal qazanmasından sonra təəssüratlarını bölüşüb.

"Uşaqların hər çıxışından sonra daha da sakitləşirdim. Sonuncu olaraq Adil tullandı və onun inamla ayaq üstə düşdüyünü görəndə hədsiz dərəcədə sevindim", - deyə o bildirib.

Aleksey Karataşov qeyd edib ki, komanda qızıl medala ümid etsə də, nəticədən razıdır:

"Əlbəttə, birinci yeri tutmaq istərdik. Bu yarışlara ciddi hazırlaşmışdıq. Amma hər bir halda bu medal böyük uğurdur".

İdmançı üçün bu, böyük yaşlılar kateqoriyasında ilk yarış idi və o, artıq Avropa çempionatının gümüş medalını qazanıb:

"Debüt etdiyim böyük yaşlıların yarışında medal qazandığım üçün çox şadam. Böyüklər arasında çıxış etmək asan deyildi. Fərdi yarışlarda çox həyəcanlı idim. Komanda yoldaşlarım və xüsusilə məşqçimiz mənə çox dəstək oldular".

Karataşov əlavə edib ki, vacib təcrübə qazanıb, millinin digər tamblinqçiləri isə onun üçün nümunədir və inkişafına kömək edirlər.

Sonda o, sabah fərdi finallarda çıxış edəcək Mixail Malkin və Tofiq Əliyevə azarkeşlik edəcəyini vurğulayıb.

İdman.Biz