Bu gün Azərbaycanın bədii gimnastika üzrə açıq regional birinciliyi çərçivəsində ölkənin müxtəlif bölgələrindən olan gənc idmançılar yadda qalan və diqqətçəkən çıxışlar göstəriblər.
İdman.Biz hər yaş kateqoriyasının qalibləri ilə danışıb.

Ən kiçik yaş kateqoriyasının qalibi, Sumqayıtdan doqquz yaşlı Nuray Dolçayeva bildirib:
"Birinci yer tutduğuma görə çox sevinirəm. Məni dəstəklədiyinə və kömək etdiyinə görə məşqçim Fatimə xanıma təşəkkür edirəm".
O, altı yaşından gimnastika ilə məşğuldur:
"Televizorda gimnastların gürzlərlə çıxışını izləyirdim. Bu, mənim çox xoşuma gəldi və anamdan məni məşqlərə yazdırmasını istədim".
Nurayın sözlərinə görə, o, ölkə çempionatında qalib gələn gimnastları nümunə götürür və bir gün onların yerində olmağı arzulayır.

Sumqayıtı təmsil edən digər idmançı, 11 yaşlı İnci İsmixanlı yeniyetmələr kateqoriyasında birinci yeri qazanıb.
O, yarışdan böyük zövq aldığını deyib: "Heç həyəcanlanmırdım. Məşqçim mənə dəstək oldu, onu çox sevirəm".
İdmançının sevimli aləti topdur. Onun fikrincə, məhz bu alətlə ən yaxşı çıxışını göstərib.
İsmixanlı ailəsində gimnastika ilə məşğul olmağa qərar verən ilk şəxsdir və idman karyerasını davam etdirmək niyyətindədir. Onun sevimli gimnastı bolqarıstanlı Stiliyana Nikolovadır.

Böyük yaş kateqoriyasında qalib 15 yaşlı Mehriban Salayeva olub. O, yarışa hazırlığın asan olmadığını, lakin nəticədən razı olduğunu bildirib:
"Çıxışımdan razıyam, baxmayaraq ki, səhvlər oldu. Xüsusilə halqa ilə çıxışım xoşuma gəldi".
Mehriban həmçinin çıxış öncəsi həyəcanını gizlətməyib:
“Amma ən çox özümə görə yox, çıxış edən rəfiqələrimə görə narahat idim. Biz bir-birimizi dəstəkləyirdik və xalçaya çıxmazdan əvvəl qucaqlaşırdıq”.
O əlavə edib ki, Avropa turnirlərində iştirak etməyi və ölkə çempionu olmağı arzulayır.
