“Formula-1” yenidən Bakıdadır. Artıq bu gün şəhər yollarında ilk iki sərbəst məşq keçiriləcək, sabah pilotları sıralanma turu gözləyir, əsas yarış isə şənbə start götürəcək.
İdman.Biz xəbər verir ki, Azərbaycan Qran-prisi 2026-cı il mövsümünün 15-ci mərhələsi olacaq. Çempionatın başa çatmasına getdikcə daha az vaxt qalır, mübarizə daha da gərginləşir, komandalar isə Bakıya artıq qazandıqları qələbələr, yaşadıqları məyusluqlar və həlledici sıçrayışla bağlı ümidləri ilə gəlirlər.
Mərhələnin əsas favoriti “Mercedes” hesab olunur. Komanda çempionatda inamlı şəkildə liderlik edir, gənc pilotu Kimi Antonelli isə karyerasının, bəlkə də, ən yaxşı mövsümünü keçirir. 14 yarışdan sonra italiyalı pilot 292 xal toplayıb və ikisi ardıcıl olmaqla səkkiz Qran-pridə qələbə qazanıb. Xüsusilə İtaliyadakı qələbəsi təsirli alınıb: Antonelli yalnız 19-cu yerdən start götürsə də, finişdə birinci olmağı bacarıb.
Onun komanda yoldaşı Corc Rassel 211 xalla çempionatın ikinci pilləsində qərarlaşıb. Ondan sonra Lyuis Hemilton (“Ferrari”) – 191, Lando Norris (“McLaren”) – 186, Şarl Lekler (“Ferrari”) – 167 və Maks Ferstappen – 145 xal toplayıb.
Konstruktorlar Kubokunda da “Mercedes”in üstünlüyü inandırıcı görünür: “Ferrari”nin 358, “McLaren”in 306, “Red Bull”un isə 230 xalına qarşı 503 xal. Komanda mövsümdə keçirilən 14 yarışın 10-da qalib gəlib.
Bakıdan əvvəlki son mərhələ sentyabrın 13-də keçirilən Madrid Qran-prisi olub. Qələbəni Antonelli qazanıb, Ferstappen ikinci, Norris isə üçüncü olub. İlk beşliyə Lekler və Rassel də daxil olub. Həmin yarışda Lian Louson, Franko Kolapinto, Oskar Piastri, Arvid Lindblad və Niko Hülkenberq də xal toplayıblar. Hemilton, Karlos Sayns, Serxio Peres və Lens Stroll isə finişə çata bilməyiblər.
Lakin Bakı cari formanın heç də həmişə qələbəyə zəmanət verdiyi tras deyil. Burada on il ərzində özünəməxsus qanunauyğunluqlar və “mütəxəssislər” formalaşıb. Bakı Qran-prisinin son qalibi Maks Ferstappendir. O, ötən il poul mövqeyindən start götürərək yarışı qazanıb, Rasseli 14 saniyədən çox qabaqlayıb, üçüncü yeri isə Karlos Sayns tutub. Lakin “Red Bull” pilotu bu mövsüm hələ heç bir qələbə qazanmayıb. Əgər o, Bakıda qalib gəlsə, bu, onun Azərbaycan trasındakı üçüncü uğuru olacaq.
Ümumiyyətlə, Bakıda iki dəfə qalib gələn cəmi iki pilot var - Ferstappen və Serxio Peres. Sonuncu bir çoxları tərəfindən Bakı üzrə əsas “mütəxəssislərdən” biri hesab olunur. O, burada 2021 və 2023-cü illərdə qalib gəlib, 2022-ci ildə ikinci olub, 2016 və 2018-ci illərdə isə podiumun üçüncü pilləsində qərarlaşıb. Lakin meksikalı pilot üçün hazırkı mövsüm tamamilə fərqli keçir: onun “Cadillac”ı hazırda Konstruktorlar Kubokunda sonuncu yerdədir və hesabında heç bir xal yoxdur.
2024-cü ildə isə mərhələnin qalibi Oskar Piastri olub. Lakin avstraliyalının Bakıya növbəti səfəri uğurlu yarışın tam əksinə çevrilib - vaxtından əvvəl start, cərimə və artıq ilk dövrədə qəza.
Bununla yanaşı, sıralanma turunda Bakı trasının öz kralı var - Şarl Lekler. “Ferrari” pilotu Azərbaycanda hələ heç vaxt yarışı qazanmayıb, lakin poul mövqelərinin sayına görə rekord məhz ona məxsusdur - dörd poul. Bundan əlavə, Lekler trasın dövrə rekordunun da sahibidir - 2019-cu ildə müəyyənləşdirdiyi 1:43.009.
Azərbaycan Qran-prisinin tarixçəsinə bütövlükdə nəzər salsaq, qaliblərin siyahısı belədir:
2016 - Niko Rosberq (“Mercedes”)
2017 - Daniel Rikkardo (“Red Bull”)
2018 - Lyuis Hemilton (“Mercedes”)
2019 - Valtteri Bottas (“Mercedes”)
2021 - Serxio Peres (“Red Bull”)
2022 - Maks Ferstappen (“Red Bull”)
2023 - Serxio Peres (“Red Bull”)
2024 - Oskar Piastri (“McLaren”)
2025 - Maks Ferstappen (“Red Bull”)
Beləliklə, keçirilmiş doqquz yarışda “Red Bull” burada beş dəfə, “Mercedes” üç dəfə, “McLaren” isə bir dəfə qalib gəlib. “Ferrari” isə hələ də Bakı trasını fəth edə bilməyib.
Bununla belə, həftəsonunun startından əvvəl də kifayət qədər maraqlı hadisələr baş verib. Mərhələ ərəfəsində bir sıra nəzərəçarpan dəyişikliklər olub.
İsak Hadjar yenidən yarışlara qayıdır. “Red Bull” pilotu bilək zədəsi səbəbindən Niderland, İtaliya və İspaniyadakı son üç mərhələni buraxıb. Lakin tibbi komissiya onun Azərbaycanda yarışmasına icazə verib. Bununla əlaqədar “Red Bull” sisteminin daxilində də dəyişikliklər baş verib: Lian Louson “Racing Bulls”a qayıdır, Yuki Tsunoda isə yenidən ehtiyat pilot olur.
Digər maraqlı məqam “Williams”ın yenilikləri olub. Komanda Bakıya mövsüm ərzində bolid üçün hazırladığı ən böyük yenilənmə paketini gətirib: avtomobil yüngülləşdirilib, konstruksiyası yenidən işlənib və yeni aerodinamik paket əldə edib. Bu mərhələ “Williams” üçün xüsusi əhəmiyyət daşıyır. Çünki məhz ötən il burada Karlos Sayns komandaya podium qazandırıb. Halbuki hazırda komanda Konstruktorlar Kubokunda yalnız doqquzuncu yerdədir.
Beləliklə, hər şey göstərir ki, Bakı mərhələsi yenidən sürprizlərlə yadda qala bilər. Şəhər trası artıq dəfələrlə proqnozları alt-üst edib və gözlənilməz pilotları həftəsonunun qəhrəmanlarına çevirib.
