“Bakıdakı yarış mövsümün ən çətin mərhələlərindən biridir. Trasın quruluşu mürəkkəbdir, bəzən güclü külək olur. Şəhər trasları ümumiyyətlə daha çətindir. Bununla yanaşı, çox unikal sınaqdır, çünki tras eyni zamanda çox sürətlidir. Sürücülərin Bakıya gəlməyi çox sevdiyini bilirəm”.
Bu sözləri “The Race” saytının jurnalisti Skott Miçell-Malm Bakıda keçirilən “Formula-1” Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.
O bildirib ki, Bakıdakı yarış jurnalistlər üçün də əlverişli şəraiti ilə seçilir.
“Burada işləyənlər üçün təmin olunan şəraitə görə bu, ən yaxşı məkanlardan biridir. Yarışa ev sahibliyi etməyinizin 10 ili çox tez keçdi. Mənə elə gəlir ki, bu yarış artıq təqvimin tam formalaşmış, əsas yarışlarından birinə çevrilib. Düşünürəm ki, ümumi bir tədbir kimi onun təqvimdə yer almağa layiq olduğu artıq sübut olunub”
Skott Miçell-Malm qeyd edib ki, 2018-ci ildən etibarən Bakıdakı yarışları izləyir:
“Ötən ili çıxmaq şərtilə, hər il buraya gəlirəm”.
Jurnalist “Formula-1”də konkret bir komandaya azarkeşlik etmədiyini də bildirib. Onun sözlərinə görə, nisbətən kiçik komandaların mübarizəsini izləmək daha maraqlıdır:
“Sevimli komandam yoxdur, mənə sevimli komanda seçməyə icazə verilmir (gülür). Yoxsa başqa komandaların azarkeşləri üstümə düşərlər. Məncə, bütün komandaların yaxşı və pis tərəfləri var. Təbii ki, bəzi komandalarla münasibətləriniz digərlərinə nisbətən daha yaxşı olur. Şəxsən mən hər zaman daha kiçik komandaları dəstəkləyirəm. Məsələn, “Haas” və ya “Cadillac” kimi komandaların hekayəsini izləmək olduqca maraqlıdır”.
Qeyd edək ki, bu gün start götürən “Formula-1” Azərbaycan Qran-prisinə sentyabrın 26-da yekun vurulacaq.
