Bakıda keçirilən “Formula-1” Azərbaycan Qran-Prisi ilə əlaqədar Bakı metrosunun üç stansiyasının iş saatı uzadılacaq.
İdman.Biz xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, sentyabrın 24-dən 26-dək “İçərişəhər”, “Sahil” və “28 May” stansiyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, həmin stansiyalara növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.
Sentyabrın 24-dən 25-nə və 25-dən 26-na keçən gecələr bu üç stansiya saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq.
Yaşıl və Bənövşəyi xətlər üzrə hərəkət ənənəvi qaydada təşkil ediləcək. Qırmızı xəttin digər stansiyaları isə saat 00:00-da bağlanacaq.
Qeyd edək ki, bu gün Bakının sayca onuncu dəfə ev sahibliyi edəcəyi “Formula-1” Azərbaycan Qran-prisinə start verilir. Yarışın ilk günü saat 10:00-da “Formula-2” üzrə sərbəst yürüşlə başlayacaq. “Formula-1”də ilk sərbəst yürüş saat 12:30-da start götürəcək. Daha sonra “Formula-2”də iki sıralama turu keçiriləcək. İlk yarış gününə “Formula-1” üzrə ikinci sərbəst yürüşlə yekun vurulacaq.
Sentyabrın 25-də “Formula-1” üzrə sərbəst yürüşlər, “Formula-2” üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün - ayın 26-da əsas yarış baş tutacaq.
