“Formula-1” üzrə Azərbaycan Qran-prisi Oskar Piastri üçün mövsümün ikinci yarısının ən vacib yarışlarından birinə çevrilə bilər. “McLaren”in avstraliyalı pilotu Bakıda çempionatın liderlərindən nəzərəçarpacaq dərəcədə geri qalaraq mübarizə aparacaq. Lakin məhz şəhər trasında o, karyerasının həm ən yaxşı, həm də ən pis həftəsonlarından birini yaşayıb.
İdman.Biz xəbər verir ki, Avstraliya mətbuatı, xüsusilə “Fox Sports Australia”, ilk növbədə Piastrinin bu mövsümlə əvvəlki mövsüm arasındakı fərqə diqqət çəkir. 14 mərhələdən sonra Oskar komanda yoldaşı Lando Norrisə 66 xal uduzur. Təsnifat mərhələlərində Norris son 14 birbaşa qarşılaşmanın doqquzunda Piastriyə qalib gəlib, yarışlarda isə üstünlük 6:3 hesabı ilə Norrisin tərəfindədir. Bununla yanaşı, Norris artıq bu mövsüm iki qələbə qazanıb, Piastri isə hələlik podiumun ən yüksək pilləsinə qalxmayıb.
Lakin avstraliyalı jurnalistlər vurğulayırlar ki, problem mütləq Piastrinin öz sürətində deyil.
Onunla bağlı əsas müzakirə mövzusu yeni nəsil bolidə uyğunlaşmasıdır.
“McLaren” komandasının rəhbəri Andrea Stella daha əvvəl izah edib ki, pilot hələlik sükan arxasında birbaşa hərəkət etmək əvəzinə, həddindən artıq çox düşünür və instinktiv şəkildə davranmır.
Komandanın fikrincə, yeni bolidlərin və güc qurğularının xüsusiyyətləri avtomobilin əvvəlki davranışını dəyişib.
Piastrinin özü də bunu etiraf edir: “Deyəsən, əvvəllər mənim üçün işləyən bir çox şey bu il işləmir”.
Avstraliyalı pilot bildirir ki, komanda daim həll yolları axtarır. Lakin irəliləyiş xətti xarakter daşımır: bəzi sazlamalar və yanaşmalar nəticə verir, digərləri isə çıxılmaz vəziyyətə gətirib çıxarır.
Bu problemi “Mercedes” pilotu Corc Rasselin fikirləri də dolayısı ilə təsdiqləyir. O hesab edir ki, avtomobillərin və təkərlərin xüsusiyyətlərinin dəyişməsi səbəbindən həm özü, həm də Piastri oxşar çətinliklərlə üzləşib. Britaniyalı pilotun sözlərinə görə, hazırkı texnika müəyyən təbii pilotaj üslubuna malik sürücülərə xüsusilə yaxşı uyğun gəlir.
Bununla belə, məhz Azərbaycan mərhələsi intriqanı artıra bilər. Piastri özü Bakı trası ilə münasibətlərini “sevgi və nifrət” kimi xarakterizə edib. 2024-cü ildə o, burada Şarl Lekleri geridə qoyaraq karyerasının ən parlaq qələbələrindən birini qazanıb. Lakin bir il sonra hər şey tamamilə əks istiqamətdə inkişaf edib: təsnifat mərhələsindəki qəza və ilk dövrədə baş verən insident Bakını Piastrinin ən uğursuz həftəsonlarından birinə çevirib.
“Yəqin ki, mənim ən yaxşı yarışım bu trasda olub və yəqin ki, ən pis yarışım da Bakıda keçib”, - deyə avstraliyalı etiraf edib.
Məhz buna görə builki Qran-pri onun üçün əlavə əhəmiyyət daşıyır. Beləliklə, Bakı Piastri üçün sadəcə çempionatın növbəti mərhələsi deyil. Bu, onun qalib gəlmək iqtidarında olduğunu artıq sübut etdiyi, lakin bir il sonra karyerasının ən ağır həftəsonlarından birini yaşadığı trasdır.
İndi isə avstraliyalı pilot qarşısında sürət, özünəinam və tamamilə yeni “Formula-1”-rə uyğunlaşmaq zərurəti arasında balans tapmaq vəzifəsi dayanır.
