Rassell “Mercedes”də taleyini dəyişən ötməni açıqladı

21 İyun 2026 11:45
107
Rassell “Mercedes”də taleyini dəyişən ötməni açıqladı

“Formula-1”də “Mercedes” komandasının pilotu Corc Rassell gələcəyinə təsir edən əsas epizodlardan danışıb.

İdman.Biz xəbər verir ki, britaniyalı sürücü 2020-ci ilin Sakhir Qran-prisində “Mercedes”də debüt etdiyi yarışı xatırlayıb. Həmin vaxt Rassell koronavirus testi müsbət çıxan Lyuis Hemiltonu əvəzləmişdi.

Rassell sıralama turunda Valtteri Bottasdan sonra ikinci olmuş, yarışın böyük hissəsində liderlik etmişdi. Lakin pit-stop zamanı komandanın səhvən Bottasın təkərlərini onun bolidinə taxması və daha sonra təkər problemi qələbə şansını əlindən almışdı.

“Bu ötmənin “Mercedes”də gələcəyim üçün əsas məqam olduğunu düşünürəm. Hamı bilirdi ki, mən Valtterinin yerinə keçmək istəyirdim. Onu xarici trayektoriya ilə keçmək imkanı yarananda bundan istifadə etdim”, - deyə Rassell bildirib.

Britaniyalı pilotun sözlərinə görə, həmin yarışda yaşanan uğursuzluqlar ona həm də özünü göstərmək imkanı verib. Rassell 2022-ci ildə Bottası əvəzləyərək “Mercedes”in əsas pilotu olub.

İdman.Biz