“Ferrari” gələcəyin ulduzunu yenidən F1 bolidində sınayacaq

16 İyun 2026 17:59
66
“Ferrari” gələcəyin ulduzunu yenidən F1 bolidində sınayacaq

“Ferrari”nin gənc pilotu Rafael Kamara ikinci dəfə “Formula-1” bolidini sınaqdan keçirəcək.

İdman.Biz “RacingNews”a istinadən xəbər verir ki, 21 yaşlı braziliyalı pilot 18 iyunda Barselona-Katalunya trasında keçiriləcək testdə SF-25 bolidinin sükanı arxasına keçəcək.

Bu, Kamaranın “Formula-1” maşını ilə ikinci sınağı olacaq. O, mayda Macarıstandakı Hunqarorinq trasında “Ferrari” ilə ilk test yürüşünü həyata keçirib.

2021-ci ilin noyabrından “Ferrari” Sürücü Akademiyasının üzvü olan pilot Barselonada əvvəlki mövsümlərin bolidləri ilə keçirilən TPC test proqramında iştirak edəcək.

Kamara gələcəkdə “Formula-1”də çıxış etməyə əsas namizədlərdən biri hesab olunur. Məlumata görə, onun 2027-ci ildə “Ferrari”nin müştəri komandası “Haas”a keçə biləcəyi ilə bağlı ehtimallar var.

Braziliyalı pilot debüt etdiyi “Formula-2” mövsümündə “İnvicta Racing” komandasını təmsil edir. O, Barselonada keçirilən əsas yarışda qalib gəldikdən sonra 69 xalla ümumi sıralamada üçüncü pilləyə yüksəlib. Kamara lider Nikola Tsolovdan 17 xal geri qalır.

Gənc pilot mövsümün ilk 10 yarışında üç dəfə fəxri kürsüyə qalxıb.

İdman.Biz