“Mercedes” Rassell üçün hərəkətə keçdi: FIA-ya rəsmi müraciət

14 İyun 2026 17:45
99
“Mercedes” Rassell üçün hərəkətə keçdi: FIA-ya rəsmi müraciət

“Mercedes” komandası Corc Rassellə Monako Qran-prisində verilən cəzaya yenidən baxılması üçün Beynəlxalq Avtomobil Federasiyasına müraciət edib.

İdman.Biz xəbər verir ki, bunu Almaniya komandasının rəhbəri Toto Volf “Sky Sports F1”ə açıqlamasında təsdiqləyib.

Rassell pit-leyndə sürət həddini aşdığı üçün əvvəlcə beş saniyəlik cəza alıb. Britaniyalı pilot növbəti pit-stop zamanı sanksiyanı qaydalara uyğun çəkmədiyindən ona pit-leyndən keçmə cəzası verilib. Bu qərar “Mercedes” pilotunu xal zonasından kənarda qoyub.

Məsələ “Alpine”in Pyer Qasliyə verilən iki beş saniyəlik cəzanı ləğv etdirməsindən sonra yenidən gündəmə gəlib. FIA qərarı dəyişdikdən sonra fransalı pilot Monako Qran-prisində üçüncü pilləyə qaytarılıb.

“Biz də FIA-ya nəticəyə yenidən baxılması üçün müraciət göndərdik. Açığı, bunun real nəticə verəcəyinə tam əmin deyiləm. Bu qərar çoxsaylı başqa məsələləri də ortaya çıxara bilər”, - deyə Volf bildirib.

“Mercedes” rəhbəri Rassellin aldığı pit-leyndən keçmə cəzasının təxminən 20 saniyəlik vaxt itkisinə bərabər olduğunu vurğulayıb:

“Həmin 20 saniyə Corcu dördüncü yerə qaytara bilərdi. Amma bunun digər nəticələri necə olacaq? Düşünmürəm ki, bu arqument hakimlər qarşısında qəbul edilsin. Bununla belə, Corcun cəzası ilə bağlı bu addımı atmağa borcluyuq”.

“Mercedes”in işini çətinləşdirən əsas məqam cəzanın yarış zamanı çəkilməsidir. Mövcud qaydalarda pilotun artıq yerinə yetirdiyi sanksiyanın sonradan nəticələrdən çıxarılması üçün aydın mexanizm nəzərdə tutulmayıb.

Qeyd edək ki, “Red Bull” və “McLaren” də Qaslinin podiuma qaytarılması ilə bağlı qərardan apellyasiya vermək niyyətlərini FIA-ya bildiriblər. “McLaren” pilotu Oskar Piastri isə qərardan təəccübləndiyini açıqlayıb.

İdman.Biz