Hemilton “Ferrari” ilə tarix yazdı: Barselonada ilk qələbə

14 İyun 2026 19:10
100
Hemilton “Ferrari” ilə tarix yazdı: Barselonada ilk qələbə

“Formula-1” üzrə “Ferrari” komandasının britaniyalı pilotu Lyuis Hemilton Barselona-Kataloniya Qran-prisinin qalibi olub.

İdman.Biz xəbər verir ki, ikinci pillədən start götürən 41 yaşlı pilot fərqli strategiya sayəsində liderliyə yüksələrək finiş xəttini birinci keçib.

Hemilton üçün həlledici məqamlardan biri üçüncü pit-stop zamanı yaşanıb. “Aston Martin” pilotu Fernando Alonsonun mübarizəni dayandırmasından sonra virtual təhlükəsizlik avtomobili rejimi tətbiq edilib. Britaniyalı pilot bu fürsətdən yararlanaraq pit-stopunu vaxt itkisini minimuma endirməklə həyata keçirib və liderliyini qoruyub.

Bu, Hemiltonun “Ferrari” ilə ilk Qran-pri qələbəsi, karyerasında isə 106-cı zəfəri olub. Britaniyalı pilot “Formula-1” tarixində ən çox yarış qazanan sürücü rekordunu daha da yaxşılaşdırıb.

Yeddiqat dünya çempionu “Ferrari”yə 2024-cü il Meksika Qran-prisindən sonra ilk qələbəni qazandırıb. Həmin yarışda İtaliya komandasını zirvəyə Karlos Sayns daşımışdı.

Barselonada podiumun digər iki pilləsini də britaniyalı pilotlar tutublar. Pouldan start götürən “Mercedes” sürücüsü Corc Rassell ikinci, “McLaren” pilotu Lando Norris isə üçüncü yeri tutub.

Yarışın sonlarında texniki nasazlıqla üzləşən “Mercedes” pilotu Kimi Antonelli mübarizəni dayandırıb. İtaliyalı sürücü buna baxmayaraq, şəxsi hesabda liderliyini qoruyub.

Qeyd edək ki, “Formula-1” üzrə dünya çempionatının növbəti mərhələsi 26-28 iyunda Avstriyada keçiriləcək.

İdman.Biz