“McLaren”in britaniyalı pilotu Lando Norris komandanın 2026-cı il “Formula-1” mövsümündə üzləşdiyi çətinliklərdən danışıb.
İdman.Biz xəbər verir ki, son dünya çempionu “McLaren”in artıq bütün traslarda sürətli bolidə sahib olmadığını qəbul etməyin çətin olduğunu bildirib.
“Düşünürəm ki, son bir neçə il ərzində bizim üçün ciddi zəif traslar olmayıb. Ötən il Monakoda da qalib gəldik. Buna görə artıq əvvəlki səviyyədə olmadığımızı qəbul etmək bizim üçün çətindir”, - deyə Norris bildirib.
Britaniyalı pilot MCL40 bolidinin müxtəlif traslarda fərqli performans göstərdiyini vurğulayıb:
“Artıq hər yerdə yaxşı işləyən bolidimiz yoxdur. Maşınımız Mayamidə kifayət qədər yaxşı, Kanadada normal, burada pis deyil, amma Monakoda dəhşətli idi”.
Norris Barselona-Katalunya Qran-prisinin sıralama turunda komandanın irəliləyiş əldə etdiyini söyləyib:
“Yaxşı addım atdığımızı düşünürəm. Heç nə bizdən uzaqlaşmayıb, əksinə, biz yaxşılaşmışıq. Rəqiblər bir qədər daha çox inkişaf ediblər. Onların bort kameralarına, sonra isə bizim görüntülərimizə baxdıqda bolidin balansı və dövrə vaxtını əldə etməyin asanlığı arasındakı fərqi görmək mümkündür”.
O, sıralama turunda üçüncü yeri tutan çempionat lideri Kimi Antonellidən cəmi 0,003 saniyə geri qalmasına da münasibət bildirib:
“Mən çox razıyam. Üçüncü yerlə fərqin az olduğunu bilirəm. Amma Antonellinin bolidi təxminən bir qədər daha sürətli gedə bilər. Mənim bolidimdə isə ən yaxşı halda yarım saniyə ehtiyat var. Buna görə komanda olaraq nəticədən məmnun qalmalıyıq”.
Norris sıralama turunu dördüncü pillədə başa vurub. O, son iki Qran-pridə güc qurğusu ilə bağlı problemlər səbəbindən finişə çata bilməyib və 2026-cı il mövsümündə hələ qələbə qazanmayıb.
“McLaren” hazırda Konstruktorlar Kubokunda 116 xalla üçüncü pillədə qərarlaşıb. Komanda lider “Mercedes”dən 128 xal geri qalır.
