Uğursuzluq zolağında olan Corc Rassell: “Problem məndə yox, maşındadır”

6 Avqust 2026 12:13
125
Uğursuzluq zolağında olan Corc Rassell: “Problem məndə yox, maşındadır”

“Formula-1”də “Mercedes” komandasının pilotu Corc Rassell 2026-cı il mövsümündə üzləşdiyi çətinliklərdən danışıb.

İdman.Biz “RacingNews”a istinadən xəbər verir ki, britaniyalı sürücü uğursuz nəticələrin və sosial şəbəkələrdə səsləndirilən tənqidlərin onun diqqətini yayındırmadığını bildirib.

Mövsümün ilk yarışında - Avstraliya Qran-prisində qalib gələn Rassell çempionluğun əsas favoritlərindən biri hesab olunurdu. Lakin sonrakı mərhələlərdə texniki nasazlıqlar və bolidin işində yaranan problemlər onun nəticələrinə təsir edib.

Kanada Qran-prisində lider olduğu vaxt batareyada yaranan nasazlıq səbəbindən mübarizəni dayandıran 28 yaşlı pilot hazırda şəxsi hesabda komanda yoldaşı Kimi Antonellidən 59 xal geri qalır. Antonelli 219 xalla birinci, Rassell isə 160 xalla üçüncü pillədədir.

Rassell çətin dövrdə əsas diqqətini daha sürətli olmağa kömək edəcək amillərə yönəltdiyini söyləyib:

“Mənə kömək edən əsas məsələ daha sürətli olmağımı təmin edəcək işlərə diqqət yetirməyimdir. Mətbuatda və ya sosial şəbəkələrdə yazılan mənfi fikirlər məni narahat etmir. Bütün diqqətimi özümə, komandama və necə daha sürətli ola biləcəyimə yönəltməliyəm”.

Britaniyalı pilot mövsüm ərzində yaşadığı enişlərə baxmayaraq, özünə inamını qoruduğunu vurğulayıb:

“Bu il bütün eniş-yoxuşlara qarşı çox dözümlü olduğumu hiss edirəm. Bəzi çətin nəticələrdən sonra çox ağır vəziyyətlər yaşamışam, amma inamımı itirməmişəm. Nəticə göstərə bilməyəndə problemin sürücülüyümdə deyil, maşında nəyinsə düzgün işləməməsində olduğunu bilirəm. Mən bir gecədə sükan arxasında necə sürməyi unutmamışam”.

Rassell “Formula-1”də pilotların nəticələrinin yarışdan yarışa kəskin dəyişə bildiyini də qeyd edib. O, bunu futbolla müqayisə edərək hər həftə trasın və bolidin xüsusiyyətlərinin dəyişdiyini bildirib.

Qeyd edək ki, Rassell bundan əvvəl Macarıstan Qran-prisində altıncı yerdən start götürüb. Yarışın əvvəlində 21-ci pilləyə geriləyən “Mercedes” pilotu mübarizəni yeddinci sırada başa vuraraq altı xal qazanıb.

İdman.Biz