“Formula-1” üzrə dünya çempionatının lideri, “Mercedes” pilotu Andrea Kimi Antonelli trasdakı aqressiv mübarizə tərzini izah edib.
İdman.Biz xəbər verir ki, italiyalı sürücü “Formula-1”dəki rəqabəti “köpəkbalığı hovuzu” ilə müqayisə edib.
Antonelli qalibiyyət uğrunda mübarizə apardığı üçün aqressiv davranmağın onun üçün vacib olduğunu bildirib:
“Bu, köpəkbalığı hovuzunda olmaq kimidir. Ya sən yeyəcəksən, ya da səni yeyəcəklər. Aqressiv olmaq lazımdır, amma düzgün dozada. Kanadada aqressiv idim, bəlkə də bir qədər artıq. Belə vəziyyət yenidən təkrarlansa, daha soyuqqanlı olmalıyıq”.
Antonelli qeyd edib ki, “Mercedes” komanda daxilində onun Corc Rassellə mübarizəsinə mane olmaq istəmir. Bununla belə, italiyalı pilot Lyuis Hemilton və Niko Rosberq arasında yaşanan gərgin rəqabətin təkrarlanmasını da istəmədiyini vurğulayıb:
“Biz bir-birimizlə sərt yarışacağıq, amma mümkün qədər ədalətli olmağa çalışacağıq. Qəzalardan və təmaslardan qaçmalıyıq, çünki komanda üçün də ən yaxşısını istəyirik. “Mercedes”in qalib gəlməsini istəyirik”.
