“Formula-1” üzrə “Red Bull” komandasının pilotu İsak Hacar Kanada Qran-prisinin təsnifat mərhələsindən sonra çıxışından narazı qalıb.
İdman.Biz xəbər verir ki, 21 yaşlı fransalı sürücü Monrealdakı “Circuit Gilles Villeneuve” trasında yeddinci nəticə göstərib. O, təsnifatın üçüncü seqmentində komanda yoldaşı Maks Ferstappendən cəmi 0,028 saniyə geri qalıb. Ferstappen yarışa altıncı, Hacar isə yeddinci yerdən start verəcək.
Hacar nəticədən sonra özünü sərt tənqid edib. Onun sözlərinə görə, həlledici dövrələrdə daha yaxşı nəticə göstərmək imkanı olub:
“Çox məyusam. Mayamidən bəri Q3-də istədiyimi edə bilmirəm. Səhvlər edirəm, son dövrələrdə kifayət qədər dəqiq deyiləm və maşını həddən artıq yükləyirəm. Vaxt itirirəm. Bu, təəssüf doğurur, çünki çox yaxşı bolidimiz var idi və mən daha yuxarıda olmalı idim”.
Fransalı pilot uğursuzluğun bir neçə səbəbdən qaynaqlandığını bildirib. O, “Red Bull”un idarə olunmasının asan olmadığını, bolidin çox incə balans tələb etdiyini vurğulayıb. Hacar həmçinin son səkkiz həftədə cəmi iki yarışın keçirilməsinin ritmi qorumağı çətinləşdirdiyini deyib.
Gənc sürücü əsas problemin düşüncə tərzi ilə bağlı olduğunu da etiraf edib:
“Bir az daha az düşünmək və özümü sərbəst buraxmaq lazımdır. Bu isə mənim yaxşı bacardığım şey deyil. Mən düşünməyi və nəzarətdə olmağı sevirəm, amma bu dəfə bunun heç bir köməyi olmadı”.
Qeyd edək ki, Kanada Qran-prisinin poulunu “Mercedes” pilotu Corc Rassell qazanıb.
