“Formula-1”in sabiq pilotu Ralf Şumaxer “Ferrari”də Luis Hamilton və Şarl Lekler arasındakı gərgin mübarizə barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, sabiq sürücü “Sky Sport Germany Backstage Boxengasse” podkastında çıxışı zamanı bu vəziyyətin hər kəsə, hətta mexaniklərə də təsir etdiyini bildirib.
“Düşünürəm ki, məsələ əsasən müqavilələrə gəlib çıxır və əsas problem də elə budur. Bu bolidlərdə iki böyük eqonun əyləşdiyini unutmaq olmaz. Mən bunu çox yaxşı başa düşürəm, çünki keçmişdə də belə olub. Lakin bu, həqiqətən komandaya təsir edir. Səhərdən axşamadək işləyən, hər kəs kimi bütün gücünü ortaya qoyan mexanik də bunu hiss edir. Əgər öndəki bu iki “öküz” mövqeyini itirirsə, beş saniyəlik cərimə alırsa və ya toqquşaraq bolidləri zədələyirsə, bu, bütün kollektivə ziyan vurur. Bəzən buna sadəcə reaksiya vermək lazımdır”, - deyə Şumaxer söyləyib.
Şumaxer azarkeşlər və media üçün bu rəqabətin maraqlı olduğunu da qeyd edib:
“Bizim üçün bu, əlbəttə ki, əladır, danışmağa mövzumuz var və bu, hadisələri daha həyəcanlı edir. Onlar bir-birinə çırpılmadıqları müddətcə hər şey qaydasındadır. Lakin komanda üçün bu, aydındır ki, yarışı qazanmağın ən yaxşı yolu deyil. Buna şübhə yoxdur”.
