“Formula-1”də “Red Bull” komandasının pilotu Maks Ferstappen Kanada Qran-prisindən sonra bolidin sazlaması ilə bağlı narazılığını gizlətməyib.
İdman.Biz xəbər verir ki, keçmiş “Formula-1” pilotu Ralf Şumaxer Ferstappenin indi “Red Bull”a öz yanaşmasının daha doğru olduğunu sübut etmək imkanı qazandığını bildirib.
Kanadada podiuma yüksəlməsinə baxmayaraq, niderlandlı sürücü RB22-nin balansından razı qalmayıb. Onun sözlərinə görə, komanda onun təklif etdiyi dəyişiklikləri tətbiq etməyib və öz seçdiyi istiqamətin nəticə verəcəyinə inanıb.
Şumaxer “Backstage Boxengasse” podkastında Ferstappenin bu narazılığı açıq şəkildə dilə gətirməsini düzgün hesab etmədiyini deyib:
“Maks sözünü gizlətmədi. O dedi ki, “Mən onlara hər şeyin yanlış olduğunu bildirdim”. Buradan da görünür ki, gərginlik var. Bir tərəfdən onun hər şeyi açıq deməsi xoşuma gəlir, amma əslində bu, komanda daxilində qalmalıdır”.
Almaniyalı mütəxəssis əlavə edib ki, “Red Bull” indi Ferstappenin fikirlərinə daha ciddi yanaşmalıdır. Onun sözlərinə görə, komanda bu dəfə pilotu dinləmədiyi üçün niderlandlı sürücünün təkliflərinin işlədiyini göstərmək şansı yaranıb.
“Onun ilk vəzifəsi bolidi yenidən düzgün yola qaytarmaqdır. Komanda onu dinləməlidir. İndi bir dəfə bunu etmədilər, buna görə də Maksın həm özünə, həm də komandaya təkliflərinin işlədiyini sübut etmək üçün bütün imkanları var”, - deyə Şumaxer vurğulayıb.
