Norrisdən “Maklaren”ə dəstək: “Geriyə baxanda bu, səhv qərar idi”

26 May 2026 11:59
138
Norrisdən “Maklaren”ə dəstək: “Geriyə baxanda bu, səhv qərar idi”

“Formula-1” üzrə Kanada Qran-prisində “Maklaren” komandasının pilotu Lando Norris ara təkərlərlə start qərarına görə kollektivini müdafiə edib.

İdman.Biz xəbər verir ki, Monrealda yarışdan əvvəl yağan zəif yağış və sərin hava şəraiti “Maklaren”in həm Norris, həm də Oskar Piastri üçün ara təkər seçməsinə səbəb olub.

Lakin formalaşma dövrələrində tras sürətlə quruyub. Pilotların əksəriyyəti hamar təkərlərlə start aldığı halda, “Maklaren”in seçimi qısa müddətdə özünü doğrultmayıb. Norris startda “Mersedes” pilotlarını geridə qoyaraq liderliyə yüksəlsə də, ikinci dövrənin sonunda pit-stopa girərək hamar təkərlərə keçib. Piastri isə bunu birinci dövrənin sonunda edib.

Britaniyalı sürücü sonradan texniki problemə görə mübarizəni dayandırıb. Buna baxmayaraq, Norris qərarın səhv nəticə verdiyini qəbul etsə də, bunun “pis qərarvermə” olmadığını bildirib:

“Yəqin ki, isinmə dövrəsində bunu anladım. Yağış artıq bir qədər dayanmışdı. Geriyə baxanda bu, səhv qərar idi. Amma bir dövrə üçün yaxşı idi, məni problemlərdən uzaq saxladı. Arxada nələrsə baş versəydi, qərar daha yaxşı görünə bilərdi. Sonda isə səhv seçim oldu”.

Norris komandanın riskə getməsini normal qarşıladığını vurğulayıb:

“Bunun pis qərarvermə nəticəsində baş verdiyini düşünmürəm. Etdiyimiz seçim üçün əsaslı səbəblər var idi. Nəyəsə getməyimiz və qərarın arxasında dayanmağımız mənə xoşdur. Bəzən alınmır. Bunu qəbul edib nəticə çıxarmalıyıq”.

“Maklaren”in rəhbəri Andrea Stella da qərarın həmin anda trasın nəm və sürüşkən görünməsi ilə bağlı verildiyini deyib. Onun sözlərinə görə, start prosedurunun iki dəfə ləğv olunması və əlavə formalaşma dövrələri trasın daha da qurumasına səbəb olub.

İdman.Biz