Karyerasını Xorvatiyanın “Varajdin” klubunda davam etdirən Rüfət Abdullazadə Sportal.az-a müsahibəsu
- “Dinamo"(Zaqreb) ilə matçda komandanız 2:2 hesablı heç-heçə etdi. Yəqin ki, bunu normal nəticə hesab edirsiz, yoxsa yalnız qələbə istəyirdiz?
- Təbii ki, “Dinamo” kimi rəqiblə oyundan bir xal götürmək pis nəticə sayılmır. Qələbə qazanmağa da çox yaxın idik. Bunu çox istəyirdik. Üç xal qazanmaq niyyətimiz var idi. Ancaq son dəqiqə qolundan sonra görüşdən bir xal götürdük.
- Bu matçdakı performansın olduqca yaxşı alındı. Hətta bir assist də etdin. Ümumiyyətlə, meydana daxil olanda düşündüklərini az da olsa, reallaşdıra bildin?
- Mən hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Meydana da daxil olanda komandaya faydalı olmağı düşünürdüm. Həmişə bunun üçün də çalışıram.
- Necə düşünürsən, "Varajdin"də yavaş-yavaş özünü sübut edərək, əsas heyətdə özünə daimi yer edə biləcəksən? Yoxsa, düşünürsən ki, rəqabət çox yüksəkdir və hələ bunu etmək çətindir?
- Bizim yaxşı komandamız var. Kollektivdə rəqabət də güclüdür. Bu isə məni daha da motivasiya edir. Özümü hər məşqdə, oyunlarda sübut etməyə çalışıram.
- “Varajdin”in bu mövsüm liqada əsas hədəfi nədən ibarətdir?
- “Varajdin”in əsas hədəfi liqada yaxşı yerlərdən birini tutmaq və mümkün qədər yuxarı yerlər uğrunda mübarizə aparmaqdır. Biz hər görüşə maksimum nəticə üçün çıxırıq.
- Xorvatiyadakı yaşayışın necə gedir, ora öyrəşmisən?
- Xorvatiyadakı həyatım yaxşı gedir. Artıq çox şeyə öyrəşmişəm. Mənim üçün ciddi maneə yoxdur. Əsas diqqətimi futbola yönəltmişəm.
- Xorvatiya liqasının səviyyəsi haqda fikrin necədir? Azərbaycan Premyer Liqasından çox fərqlənir?
- Təbii ki, arada fərq var. Azarkeşlər sarıdan da belədir. Hər oyunda stadionlarda kifayət qədər azarkeş olur. “Dinamo”, “Hayduk” və “Riyeka” ilə matçlarda isə stadion demək olar ki, tam dolur. Bu da futbolçular üçün əlavə motivasiyadır. Xorvatiya liqasında hər oyunda temp yüksək olur, fiziki mübarizələr də güclüdür, çoxdur.
İdman.biz