Pedro Qvardiolanın ona verdiyi dəstəkdən danışıb

13 Oktyabr 2026 12:32
93
Pedro Qvardiolanın ona verdiyi dəstəkdən danışıb

İspaniyanın “Barselona” futbol komandasının sabiq hücumçusu Pedro Rodriqes karyerasını başa vurduqdan sonra keçmiş baş məşqçisi Pep Qvardiola ilə bağlı xatirələrini bölüşüb.

İdman.Biz xəbər verir ki, 39 yaşlı futbolçu “Mundo Deportivo” nəşrinə müsahibəsində Qvardiolanın onun inkişafında mühüm rol oynadığını bildirib.

“Düşünürəm ki, Pep məndə uğur qazanmaq istəyini görürdü. O, mənə inanır, inkişaf etməyim üçün nə etməli olduğumu izah edirdi. Mən də onun fikirlərinə və futbol fəlsəfəsinə həmişə güvənirdim”, - deyə Pedro bildirib.

İspaniyalı futbolçu 2011-ci ildə “Mançester Yunayted”ə qarşı keçirilən Çempionlar Liqasının finalından əvvəl Qvardiola ilə söhbətini də xatırlayıb:

“Final həftəsinin bazar ertəsi günü məni kabinetinə çağırdı və oynamağa hazır olub-olmadığımı soruşdu. Hazır olduğumu bildirdim. O da əsas heyətdə meydana çıxacağımı dedi. Məndən rəqibə təzyiq göstərməyi, fürsət yarananda qapıya zərbə endirməyi və həmişəki oyunumu nümayiş etdirməyi istədi. Mənə necə motivasiya verməyi yaxşı bilirdi”.

Pedro “Barselona”dakı ilk illərinin çətin keçdiyini də etiraf edib. Onun sözlərinə görə, “La Masiya” akademiyasında ailəsindən uzaq qalmaq səbəbindən dəfələrlə atasından Tenerifeyə qayıtmasına kömək etməsini istəyib.

Sabiq futbolçu hazırkı “Barselona”nın da böyük uğurlar qazana biləcəyini düşünür. O, Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın əvvəlki nəsillə oxşar cəhətlərinin olduğunu və gənc futbolçuların uzunmüddətli uğurlar əldə etmək potensialına malik olduğunu bildirib.

Gələcək planlarına da toxunan Pedro bir müddət istirahət etmək istədiyini, daha sonra məşqçilik və ya futbol agentliyi sahəsində fəaliyyət göstərmək imkanlarını nəzərdən keçirəcəyini açıqlayıb.

Qeyd edək ki, Pedro Rodriqes 20 illik peşəkar karyerasını 25 titulla başa vurub. O, “Barselona”dan başqa, İngiltərənin “Çelsi”, İtaliyanın “Roma” və “Latsio” komandalarında da çıxış edib.

İdman.Biz