İngiltərənin “Tottenhem” futbol komandasının baş məşqçisi Roberto De Zerbi 18 yaşlı Luka Uilyams-Barnettin potensialını yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis “Sky Sports”a açıqlamasında gənc futbolçunun gələcəkdə “Barselona”nın ulduzu Lamin Yamalın səviyyəsinə yüksələ biləcəyini düşünür.
Uilyams-Barnett İngiltərə Premyer Liqasında ilk dəfə start heyətində meydana çıxdığı “İpsviç”lə qarşılaşmada bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
18 yaş 51 günlüyündə fərqlənən futbolçu “Tottenhem”in Premyer Liqa tarixində qol vuran üçüncü ən gənc oyunçusu olub. O, bu göstəricidə ikinci pillədə qərarlaşan Qaret Beyldən cəmi dörd gün geri qalır.
Uilyams-Barnettin istedadı daha əvvəl Almaniyanın “Bavariya” və İngiltərənin “Mançester Yunayted” klublarının da diqqətini çəkib. Lakin London təmsilçisi gənc futbolçu ilə yeni uzunmüddətli müqavilə imzalayıb.
De Zerbi gənc futbolçunun oyunöncəsi hazırlığı ilə bağlı maraqlı faktı da açıqlayıb. Məlum olub ki, Uilyams-Barnett stadiona gedərkən avtobusda Ronaldinyo, Neymar və Eden Hazardın oyun videolarını izləyir.
İngiltərənin U-19 millisinin üzvü topa nəzarət etmək, qəfil sürətlənmək və rəqibini aldadaraq keçmək bacarığı ilə seçilir.
Bununla belə, De Zerbi futbolçudan topsuz oyunda da fəal olmağı, bu baxımdan Usman Dembele, Rafinya və Lamin Yamalı nümunə götürməyi tələb edir.
Xatırladaq ki, “Tottenhem” “İpsviç”lə qarşılaşmada 2:0 hesablı qələbə qazanıb. London təmsilçisi növbəti görüşünü 29 noyabrda səfərdə “Sanderlend”ə qarşı keçirəcək.
