“Baku Sportinq”in baş məşqçisi: “Məqsədimiz çempionatda qalmaqdır”

13 Oktyabr 2026 13:02
89
“Baku Sportinq”in baş məşqçisi: “Məqsədimiz çempionatda qalmaqdır”

“Lider komandalardan birinə qarşı oynadıq. Bilirik ki, futbolda eniş də olur, yüksəliş də. Bəzən istədiyin nəticəni əldə edə bilmirsən, amma bu, mübarizəni dayandırmaq üçün səbəb deyil”.

Bu sözləri “Baku Sportinq” futbol komandasının baş məşqçisi Samir Ələkbərov deyib.

Təcrübəli mütəxəssis komandasının Birinci Liqanın dördüncü turunda “Gəncəbasar”a məğlubiyyətini şərh edib.

“Rəqibləri bir-birindən fərqləndirmirik. İstər “Karvan” olsun, istər “Şimal” və ya “Mingəçevir”, fərq etməz, hər matça qələbə üçün çıxırıq. Mövsümün İlk görüşləri həmişə çətin olur. Düzdür, çempionatda artıq dörd tur geridə qalıb və hələ də qol vura bilməmişik. Bu, bizim üçün heç də ürəkaçan vəziyyət deyil. Bununla belə, ruhdan düşməməli və qarşıdakı oyunlara daha ciddi hazırlaşmalıyıq. Komandanın çıxışında sabitlik yaratmaq, çatışmazlıqları aradan qaldırmaq və nəticələrimizi yaxşılaşdırmaq üçün çalışırıq. Qarşıda bizi çətin sınaqlar gözləyir və hər oyuna maksimum diqqətlə yanaşmalıyıq”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Ələkbərov komandasının mövsüm üçün qarşıya qoyduğu hədəflərdən də danışıb:

“Əsas məqsədimiz meydanda daha yaxşı mübarizə aparmaq, qol imkanlarından səmərəli istifadə etmək və nəhayət, uğurlu nəticələr qazanmaqdır. Komandamızın bu mövsüm üçün əsas hədəfi çempionatda yerini qorumaqdır. Bunun asan olmayacağını başa düşürük, lakin sona qədər mübarizə aparmaq niyyətindəyik. İnanıram ki, komanda olaraq birlik nümayiş etdirsək, səhvlərimizdən nəticə çıxarsaq və üzərimizdə işləməyə davam etsək, məqsədimizə çata bilərik. Ümid edirəm, mövsümün sonunda qarşımıza qoyduğumuz hədəfi reallaşdıracaq və çempionatda qalmağı bacaracağıq”.

Qeyd edək ki, “Gəncəbasar” “Baku Sportinq” matçı 2:0 hesabı ilə başa çatıb.

İdman.Biz