Ozobiç “Neftçi” barədə nələri etiraf etdi?

Xəbərlər
2 Sentyabr 2025 21:12
74
Ozobiç “Neftçi” barədə nələri etiraf etdi?

Hazırda "Turan-Tovuz"un formasını geyinən keçmiş "Neftçi"li Filip Ozobiç Sportinfo.az-a müsahibədə maraqlı məqamlara aydınlıq gətirib.

- Ciddi dəyişikliklərə məruz qalan “Neftçi”ni səfər matçında məğlub edəcəyinizi təsəvvür edə bilirdin?

- “Neftçi”nin adı üstündədir. Hansı vəziyyətdə olmasına baxmayaraq, bu komandaya qarşı oynamaq çətindir. Ötən həftə “Araz-Naxçıvan”a məğlubiyyətdən sonra bura qələbə dalınca gəlmişdik. Yalnız və yalnız 3 xal barədə düşünürdük.

- Biri var qələbə qazanmaq, biri də var qələbəni haqq etmək. Haqq etdiniz?

- “Neftçi” mübariz oyun göstərdi, sona qədər üstümüzə gəldi. Lakin ümumi oyuna baxsaq, fikrimcə, qalib gəlməli olan tərəf biz idik.

- “Neftçi” azarkeşlərinin önünə “Turan Tovuz”un formasında çıxmaq necə hiss idi?

- “Neftçi”də 2 il oynadığımızı nəzərə alsaq, bu stadiona ayaq basmaq mənim üçün xoş idi. Burada ab-hava həmişə yaxşı olub. Açığı, xoş hislər keçirdiyimizi deyə bilərəm.

- Qol vurmaq istəyirdin?

- (gülür) Əlbəttə. Peşəkar futbolçuyamsa, bunu etmək borcumdur. Bu, mənim işimdir.

- Qol vursaydın, xüsusi şəkildə qeyd edəcəkdin, yoxsa vaxtilə səni dəstəkləyən azarkeşlərə hörmət əlaməti olaraq susacaqdın?

- Yəqin ki, azarkeşlərin şərəfinə susacaqdım.

- Yenilənmiş “Neftçi” necə təsir bağışlayır?

- Çox sayda futbolçuların gəldiyini nəzərə alsaq, anlaşma baxımından müəyyən problemlərin olması normaldır. Buna baxmayaraq, istəkli görünürdülər, hücum edirdilər. Zamana ehtiyac var. 1-2 günə nəsə etmək mümkün deyil.

- İdeal formandan uzaqsan elə bil.

- Bəli, müəyyən əskikliklərim var və bunu hiss edirəm. Toplanışa gec qoşulmağım fiziki durumuma öz təsirini göstərdi. Bu gün ilk dəfə start heyətində yer almışdım. 3-4 oyun lazımdır ki, əvvəlki formamı qaytarım.

- Klubun rəhbəri Ehtiram Quliyev “Turan Tovuz”un çempionluq hədəfindən söz açmışdı. Hazırsınız?

- Biz hər qarşıdakı oyunda qələbə barədə düşünürük. Meydanı maksimum xalla tərk etməyimiz vacibdir. Bu düşüncə ilə davam edəcəyik. Finişdə hansı pillədə olacağımızı çempionatın sonu göstərəcək. İndidən nəsə demək çətindir.

İdman.biz